Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ MİLLİ MUSİQİ GÜNÜ QEYD OLUNUB

17.09.2014


Azərbaycan Respublikasının ali məktəblər ailəsinin öndə gedən üzvlərindən olan Naxçıvan Dövlət Universitetində  Milli Musiqi günü qeyd olunub.

Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu günün tarixindən danışaraq qeyd edib ki, musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılan  Üzeyir Hacıbəyovun doğum günü 1995-ci ildə  dahi rəhbər, ümummilli lider Heydər  Əliyevin fərmanı  ilə Milli Musiqi Günü kimi təsis olunub. Ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor,  bundan sonra gələcək nəsillərin də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun əsərlərini yaşadacaqlarına  ümid etdiyini bildirib.

Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov "Üzeyir Hacıbəyov  və  Azərbaycan  musiqi  mədəniyyəti" adlı  məruzəsində vurğulayıb  ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə  tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası milli opera sənətinin  və  Azərbaycanın  bütün  professional bəstəkarlıq yaradıcılığının inkişafının  əsasını qoyub. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən  bütün  müsəlman  Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948)  tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur.  Qeyd olunub ki, Azərbaycan  professional  musiqi yaradıcılığının təşəkkülü və inkişafı - bir  çox  janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

Tədbirin bədii hissəsində Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun "Arazbarı"  muğamı, universitetin İncəsənət fakültəsinin tələbəsi Bəsti Qasımovanın ifasında  "Arşın mal  alan"  operettasından  Gülçöhrənin ariyası, "Musiqi təlimi" kafedrasının müəllimi Əli Davudinin ifasında sözün əsil mənasında, şedevr sayılan "Koroğlu" operasından Həsən xanın ariyası  və digər əsərlər səslənib.