Sayt xəritəsi

XƏBƏRLƏR

PEDAQOJİ TƏCRÜBƏYƏ HƏSR OLUNMUŞ KONFRANS

26.09.2014


Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirildi. Universitet kollektivinin, təhsil nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin birgə iştirak etdiyi konfransı universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid giriş sözü ilə açaraq pedaqoji təcrübənin təşkilinə aid müasir tələblərlə bağlı geniş məruzə etdi. Məruzədə pedaqoji təcrübənin hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  rolundan, ali təhsil  müddətində  qazanılan nəzəri  bilikləri  təcrübədə  möhkəmləndirmək,  peşə  vərdişlərinə  yiyələnmək baxımından əhəmiyyətindən bəhs olundu. Qeyd olundu ki,  2014 -2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 272 tələbəsi muxtar respublikanın 17 tam orta  məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr, Naxçıvan şəhər tam orta məktəbləri ilə yanaşı, Xanım qızlar məktəbində, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də təcrübədə olacaqlar. Surə Seyid pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən danışdı, sənədləşmə işləri barədə geniş məlumat verdi.     

Naxçıvan Şəhər Təhsil şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxışında muxtar respublikada orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından danışdı, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətlərinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını bildirdi. Pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılmışdır.
                
Konfransda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı Qurban Qurbanlı “Pedaqoji təcrübə dövründə qarşıda duran vəzifələr”, Azərbaycan dilçiliyi kafedrasının dosenti, metodist Arifə Zeynalova “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər haqqında məlumat”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzusunda məruzələr etdilər. Konfrans iştirakçılarına pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumat verildi. Konfransın sonunda Universitet Televiziyasının hazırladığı, ötən tədris ilindəki pedaqoji təcrübəni əks etdirən sənədli film izlənildi.