Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ BEYNƏLXALQ LAYİHƏLƏRDƏ UĞURLA TƏMSİL OLUNUR

01.10.2014



 Naxçıvan Dövlət Universitetində ali məktəbin beynəlxalq layihələrdə iştirakının prioritet istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədrinin qayğısı və dəstəyi ilə dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq, beynəlxalq layihələrə qoşulmaq üçün yaradılan şəraitdən yetərincə faydalanmaq lazımdır. Beynəlxalq təhsil proqramlarına qoşulmaqda, tələbə mobilliyinin artırılmasında məqsəd ali təhsil qurumları arasında tərəfdaşlığı inkişaf etdirmək, qlobal  səviyyədə  ölkələrarası mənəvi,  mədəni əlaqələri möhkəmlətməkdir.                                         

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Naxçıvan Dövlət Universitetində Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə  həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi, NDU-nun Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısı olması, Türkiyə Respublikasındakı  universitetlər ilə dünya universitetləri arasındakı  qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan  “Mövlana” proqramı çərçivəsində 8 nəfər tələbənin Türkiyədə tibb təhsilini davam etdirməsi barədə ətraflı məlumat verib. Bildirilib ki, Avstriyanın "gain&sustain" ("Əldə etmək və saxlamaq") təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi”  layihəsi təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Yaxın gələcəkdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.               

Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, MUMEENA layihəsinin yerli koordinatoru Elmar Rzayev MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, MUMEENA Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunur. Naxçıvan Dövlət Universiteti 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin qoşulduğu ilk beynəlxalq layihə çərçivəsində fakültə əməkdaşları Avropanın müxtəlif universitetlərində - Niderlandın  Utrech, İngiltərənin Leeds, İspaniyanın Granada, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetində və Ukraynanın Milli Tibb Universitetində keçirilən treninqlərdə iştirak ediblər. Sentyabr ayı layihə koordinatoru və nümayəndələri İtaliyanın Milan şəhərindəki Catdica Del Sarco Coure universitetində treyninq keçmişlər. Layihə çərçivəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.                                    

 

Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus Mundus  (HUMERİA) proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edərək qeyd edib ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Naxçıvan Dövlət  Universitetinin üzv olduğu konsorsiumlar, 2011-2015-ci illəri əhatə edəcək ALRAKIS və 2013-2017-ci illərdə baş tutacaq HUMERIA  layihələri  haqqında danışıb. Layihə çərçivəsində Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Ağalar Məmmədov Çexiya Respublikasının Masaryk Universitetində, Tərcümə (ingilis-azərbaycan) ixtisası üzrə III kurs tələbəsi Güllü Rəhimova - Rumınyanın Babeş-Bolyai Universitetində  iki semester, Simli alətlər ixtisası üzrə III kurs tələbəsi Dilarəxanım Məmmədli Rumıniyanın George Enescu Universitetində bir semester ərzində təhsillərini davam etdirəcəklər. Çexiya Respublikasının Masaryk Universitetindən, Polşa Respublikasının Wroclaw Universitetindən olan iki doktorant isə təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər. Məruzəçi proqrama qoşulan əməkdaş ölkələr, mübadilə müddəti, tələbələrin iştirak etmək hüquqları barədə tədbir iştirakçılarını məlumatlandırılıb.