Sayt xəritəsi

XƏBƏRLƏR

TƏHSİL NAZİRLİYİNİN MƏQSƏDLİ TƏQAÜDÜ VERİLƏCƏK

02.10.2014


Naxçıvan Dövlət Universitetində universitetin Azərbaycan Respublikası Təhsil Nazirliyinin məqsədli təqaüdünə layiq görülmüş tələbələri ilə görüş keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən  muxtar respublikada təhsil quruculuğu sahəsində  qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, təhsil strategiyasının əsası təhsili millətin gələciyi kimi qiymətləndirən uzaqgörən siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilir. Elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində  universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yüksək texnologiyalarının tətbiqi, müasir tədris avadanlıqlarından istifadə, beynəlxalq əlaqələrin inkişafı, tələbə mobilliyi vasitəsilə tələbələrin xaricdə təhsilə cəlb olunması, beynəlxalq təhsil proqramlarına qoşulmaq və müxtəlif layihələrdə iştirak etmək istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Rektor Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi” barədə 17 sentyabr 2014-cü il tarixli əmri ilə tədbir iştirakçılarını tanış edərək bildirib ki, əmrə əsasən pedaqoji kadr hazırlayan ali məktəblərə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbə üçün 100 (yüz) manat məbləğində Təhsil Nazirliyinin məqsədli aylıq “Gələcəyin müəllimi təqaüdü” təsis edilmişdir. Naxçıvan Dövlət Universitetinin yüksək bal toplayan və müəllimlik ixtisasının seçən 34 tələbəsi bu təqaüdə layiq görülmüşdür. Rektor tələbələri bu münasibətlə təbrik edərək onlara bu yüksək etimadı doğrultmaq, elmdə və təhsil sahəsində daha böyük nailiyyətlər qazanmağı arzu edib.
    
Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına bu il 665 balla qəbul olmuş Şəhla Salayeva tələbələr adından təhsildə fərqlənən gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib, bütün səy və bacarıqları ilə vətənə, təhsil aldıqları ali məktəbə layiq olmağa çalışacaqlarını bildirib.   

                                             
Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid tələbələri təbrik edərək onlara elm, təhsil sahəsində daha böyük uğurlar qazanmaq, təhsildə nümunəvi olmaqla yüksək ixtisaslı mütəxəssis, layiqli vətəndaş kimi yetişmək,  arzulayıb. Tədris işləri üzrə prorektor universitetdə müxtəlif ictimai, sosial təşkilat və qurumlar, mədəniyyət və idman kollektivləri, elmi dərnək və kurslar haqqında məlumat verərək tələbələri universitetin ictimai işlərində də fəal olmağa çağırıb.