Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA MÜƏLLİMLƏRİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

03.10.2014

 

““Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. ...Mən dünyada müəllimdən şərəfli ad tanımıram”- deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb”:- bu sözləri Naxçıvan Dövlət Universitetində “5 oktyabr – Beynəlxalq Müəllimlər günü” münasibətilə keçirilən tədbirdə universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxışında vurğulayıb. Bu günün tarixi haqqında geniş məlumat verən prorektor, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib. Qeyd olunub ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Vurğulanıb ki, bu peşə bayramı ölkə ictimaiyyəti tərəfindən ölkəmiz müstəqillik əldə etdikdən sonra qeyd olunur. Surə Seyid bildirib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar da məhz müəllim əməyinin yetirmələridir.                   

Sonda universitetin incəsənət fakültəsinin müəllim və tələbələri öz ifaları ilə peşə bayramını qeyd edən müəllimləri təbrik ediblər.