Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ ƏLAQƏLƏR GENİŞLƏNİR

10.10.2014


 AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycanın dünya ilə dialoqu” kimi qiymətləndiridiyi IV Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən olan alim və ziyalıların, ictimai-siyasi xadimlərin bir araya gəlməsi, xüsusilə  elm, təhsil, mədəniyyət sahəsində yeni əməkdaşlıqların təməlinin qoyulması baxımından böyük rol oynamışdır. Forum çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun Mərakeş Krallığındakı Kasablanka Universitetinin rektoru İdris Mansuri ilə görüşü olub. Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşkilatçılığı ilə baş tutan görüşdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin strukturu, tələbə kontingenti, beynəlxalq əlaqələri, maddi-texniki bazası, burada tədris olunan ixtisaslar barədə məlumat verib, dünya universitetləri ilə beynəlxalq əməkdaşlığı genişləndirməyə maraqlı olduqlarını bildirib. Kasablanka Universitetinin rektoru İdris Mansuri vurğulayıb ki, elm, təhsil sahəsində tərəfdaşlıq ölkələrarası siyasi, mədəni əlaqələrin inkişafına böyük təkan verir. Görüşdə ərəb dili ixtisası üzrə müəllim-tələbə mübadiləsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təbiət elmləri, elektroenergetika  və digər sahələrdə müştərək elmi araşdırma və elmi tədqiqatların həyata keçirilməsi, online dərslərin, simpozum və konfransların təşkili yolu ilə virtual əməkdaşlığın inkişafı istiqamətində ilkin razılaşmalar əldə olunub. Universitetlərarası əaqələrin qurulması, əməkdaşlığın gəlcək inkişafı ilə bağlı təkliflər dəyərlədirilib.