Sayt xəritəsi

XƏBƏRLƏR

CƏNUBİ KOREYANIN SƏFİRİ LAYİHƏNİN GEDİŞİ İLƏ MARAQLANMIŞDI

13.10.2014

 

Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Çoi Suk-İn  Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olmuşdur. Rəsmi qəbul zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada ali təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısından bəhs etmiş, universitet haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, universitet çoxşaxəli beynəlxalq əməkdaşlığa malik olmaqla yanaşı Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişaf etdirilməsi sayəsində tələbələrimiz Avropanın müxtəlif  ali məktəblərində öz ali təhsillərini davam etdirirlər. Türkiyə Respublikasındakı ali təhsil müəssisələri ilə dünya universitetləri arasındakı  qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan  “Mövlana” proqramı çərçivəsində 8 nəfər tələbə tibb təhsilini Türkiyədə davam etdirir. Cənubi Koreya ilə elm, təhsil sahəsində əməkdaşlığın isə on ildən artıq tarixi var.  Kimçonq və Busan Kyumqsunq universitetləri ilə əlaqələr qurulmuş, Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzləri yaradılmışdır. Universitetdə 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onların içərisində Cənubi Koreyadan olan tələbələr çoxluq təşkil edir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  uğurla həyata keçirilməsi bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.                                         

 

Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Çoi Suk-İn  em, təhsil, müasir texnologiyalar sahəsində belə dayanıqlı tərəfdaşlığın ölkələrin və xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini vurğulamışdır.  Koreyalı diplomat səfirliyin bu istiqamətdəki fəaliyyətindən, iki il öncə Naxçıvana ilk səfərindən sonra əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Cənab səfir bildirmişdir ki, növbəti səfəri adıçəkilən layihənin gedişi ilə tanışlıq məqsədi daşıyır.                                            

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə məzunu olmuş, hazırda buradakı Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərlərinə rəhbərlik edən Ryu Hiconq mərkəzlərin fəaliyyəti, universitetdə təhsil alan koreyalı tələbələrə yüksək dövlət qayğısı göstərilməsi barədə səfirə məlumat vermişdir.                                    

 

Koreyalı diplomat universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində, Universitet televiziyasında olmuş, KOİCA tərəfindən  alınan müasir texnologiyaların quraşdırılması və fəaliyyəti ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli bu layihəyə 3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılmışdır. KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-sukun başçılığı ilə layihə uğurla yekunlaşmaq üzrədir. Layihə çərçivəsində koreyalı və yerli mütəxəssilərin iştirakı ilə dəfələrlə müzakirələr keçirilmiş, may ayında universitetin bir qrup nümayəndəsi Seul şəhərində on beş gün ərzində təlim keçmişlər.  Sentyabr ayında isə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı bilikləri  möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərininin  Təhsil İnformasiya Sistemi ilə tanış olmaq məqsədilə Cənubi Koreyada olmuşdur. Hazırda Naxçıvana ezam olunan koreyalı mütəxəssislər portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, elektron təlim sistemi üçün kontentlərin hazırlanması ilə məşğuldurlar. Səfir  Çoi Suk-İn  layihənin gedişindən razılığını bildirmişdir. Görüş zamanı əməkdaşlığın gələcək inkişafı istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.