Sayt xəritəsi

XƏBƏRLƏR

YUBİLYAR PEDAQOQLARLA GÖRÜŞ

14.10.2014

 

Daim bizləri öz qayğı və nəvazişi ilə oxşayan, elmin məsuliyyətli və çətin, nahamar yollarında bələdçimiz olan müəllim əməyi unudulmazdır. Ömrünü gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridərək ahıllaşan, müdrikləşən müəllimlərin bilik və təcrübəsi tükənməz mənəvi xəzinə, böyük məktəbdir. Öyrətməyi öyrənmək istəyən, müəllimlik sənətini həyat amalı seçənlər isə qocaman, təcrübəli pedaqoqların məsləhət və tövsiyələrini daha gərəkli biliblər. Ümummilli lider Heydər Əliyevin bu müdk kəlamları bir daha təsdiq edir ki, Azərbaycan xalqı, dövləti müəllimə həmişə hörmət və ehtiramla yanaşmış, müəllim şəxsiyyətini, müəllim nüfuzunu hər zaman uca tutmuşdur: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".                           

Naxçıvan Dövlət Universitetində də qocaman pedaqoqların əməyinin qiymətləndirilməsi, yubileylərinin qeyd olunması, onlarla görüşlərin təşkili çoxillik ənənəyə çevrilmişdir. Növbəti belə tədbirlərdən birində çıxış edən universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda təhsil quruculuğundan,  elmin inkişafına yönəldilmiş məqsədyönlü dövlət siyasətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən bu müqəddəs və şərəfli peşə sahibləri müxtəlif fəxri adlar və titullarla təltif olunmuş, 15 sentyabr – Bilik Günü, 5 oktyabr – Beynəlxalq  Müəllimlər Günü hər il ümumrespublika miqyasında əlamatdər hadisə kimi qeyd olunmuşdur. Rektor kollektivdə çalısan qocaman pedaqoqları yubileyləri münasibətilə təbrik edərək onlara uzun ömür, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Universitetdə çoxillik elmi-pedaqoji fəaliyyət göstərmiş Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rəcəb Ağayev 80, Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Muxtaroğlu və  İqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev 75, İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, Akif Mədətov 70, Coğrafiya kafedrasınn baş müəllimləri Etiqad Bektaşi və Lətifə Novruzova isə 60 illik yubileyləri münasibətləri ilə universitetin fəxri fərmanları ilə təltif edliib. İqtisad üzrə fəlsəfə doktoru Akif Mədətov, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Muxtaroğlu, Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi Əkbər Süleymanov Azərbaycan Respublikasının Əməkdar müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərifə Nəcəfova tədbirdə çıxış edərək Azərbaycanın ali təhsil ailəsinin öndə gedən üzvlərindən olan, muxtar respublika ali təhsil tarixində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərməkdən qürur duyduqlarını bildirib, əməklərinə verilən yüksək qiymətə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, muxtar respublikada qabaqcıl təhsil işçiləri dövlət qayğısı və himayəsi ilə əhatə olunmuş, onların bilik və təcrübələrinin gənc mütəxəssirlər arasında geniş yayılmasına daim diqqət göstərilmişdir.