Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-NUN REKTORU BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİB

16.10.2014

 


14-16 oktyabr tarixlərində Türkiyə Cumhuriyyətinin Ərdahan şəhərində yerləşən Ərdahan Universitetində Qafqaz Universitetlər Birliyinin Türk Dil Qurumu və Harvard Universitetinin birgə təşkilatçılığı ilə “Təhlükə altındakı dillər” beynəlxalq simpoziumu keçirilib.

Ərdahan Universitetinin Yenisey Qonaqevinin Toplantı Salonunda  təşkil olunan beynəlxalq simpoziuma dəvət alan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov məruzə ilə çıxış edib. Saleh Məhərrəmov  vurğulayıb ki, dünyada məhv olmaq təhlükəsi ile üzləşən dillərin qorunması məqsədilə belə simpoziumların keçirilməsi, hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. UNESCO-nun qərarına əsasən dünyada 7 min dilin qeydə alındığını bildirən rektor, millətin dilinin dövlət statusuna yüksəlməsini tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi adlandırıb.
Saleh Məhərrəmov məruzəsində qeyd edib ki, tarix boyu dünyanın böyük şəxsiyyətlərini daima dillərin beynəlxalq təhlükə ilə üzləşməsi düşündürüb. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev  eyni məsələlərdən bəhs edərkən prosesə bütün dünya müstəvisində nəzər yetirərək deyirdi: “Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun".

Vurğulanıb ki, Azərbaycan xalqının son 200 illik tarixi göstərdi ki, xalq dilinin saflığı, onun yad təsirlərdən qorunması o xalqın ziyalısından, qələm sahibindən əsaslı şəkildə asılıdır. Doğma dilə bağlılıq milli mənliyi qorumaq, müasir dünyamızda, öz yerini saxlamaq, bir milli varlıq kimi yox olmaq təhlükəsindən xilas yolu deməkdir. Hələ 1917-ci ildə Azərbaycan yazıçısı, publisist, nasir, ictimai xadim Cəlil Məmmədquluzadə qələmə aldığı “Azərbaycan” məqaləsində yazırdı: “Dünya və Aləm dəyişildi, mənalar özgə tədbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, İnna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, Vətən, Vətən, Vətən, dil, dil, dil, millət, millət, millət!... Dəxi bu dairələrdən bəşər üçün nicat yolu yoxdur”.

Rektor, Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu siyasətində Azərbaycan dili məsələsinin mühüm yer tutduğunu, və bu siyasətin bugün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini simpozium iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub  ki, 2013-cü il 9 aprel tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı haqqında” sərəncam imzalamışdır. Və rektor qeyd edib ki, Azərbaycanda milli elmin- Azərbaycan dilçiliyinin inkişaf etdirilməsinə dair Dövlət Proqramı qəbul etmiş və həmin Proqram uğurla həyata keçirilməkdədir.               

Saleh Məhhərəmov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılmasını, Muxtar Respublikada ana dilinin saflığı və qorunması üçün həyata keçirilən mühüm tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.