Sayt xəritəsi

XƏBƏRLƏR

YOL VER AZƏRBAYCAN BAYRAĞINA!

07.11.2014


Milli  Bayraq  Günü  Naxçıvan Dövlət Universitetində xüsusi təntənə ilə qeyd olunub. Bu ali  təhsil ocağının  Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan mərasim, Azərbaycan Respublikasının  üçrəngli Dövlət Bayrağının zala təntənəli daxil edilməsi ilə başlanıb. Mərasimdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında bildirib ki,  Azərbaycan Xalq Cumhuriyyəti dövründə  1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilib, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli- mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunub. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cumhuriyyətinin süqut etməsi  və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Rektor bildirib ki, Azərbaycan Respublkasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlaqədar olub.  Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən hər il 9 noyabrın “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu bildirib.

“Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərin yolunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Ölkə prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan Dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir” bu fikirləri Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, “Ümumi tarix” kafedrasının müəllimi Arzu Abdullayev “Azərbaycan Bayrağı dövlətimizin müstəqillik simvoludur” mövzusundakı məruzəsində səsləndirib.

Sonra, universitetin incəsənət fakültəsinin tələbələrinin iştirakı ilə bədii kompozisiya keçirilib.