Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ TƏLƏBƏ HƏFTƏSİNƏ HƏSR OLUNMUŞ RƏSM SƏRGİSİ

12.11.2014


“Beynəlxalq tələbə həftəsi” Naxçıvan Dövlət Universitetində  maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur. Həftə ərzində təşkil olunan idman yarışları, milli filmlərin nümayişi, konfranslar tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının foyesində keçirilən rəsm sərgisi də bu cəhətdən xüsusi maraq doğurub.

Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, bu ali təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. Rektor, təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

IV kurs tələbəsi Turanə Hüseynova çıxış edərək muxtar respublikanın və universitet rəhbərliyinin gənc istedadların üzə çıxarılmasına, onların inkişafına göstərilən dəstək və qayğıdan bəhs edib.

Sonra sərgiyə baxış olub. Universitetin tələbələri Nuray Rüstəmlinin “Müasir Naxçıvan”, Nailə Səfərovanın “Türk xalqları", Güllü Məmmədovanın “Sülh”, Türkan Haşımovanın “Gülüstan türbəsi”, Könül Babayevanın “Dekorativ kompazisiya”, Əfsanə Mehdiyevanın “Gənc qızlar” və s. əsərlər sərgidə nümayiş etdirilib.

Qeyd edək ki, sərgi universitetin Konservatoriya binasının foyesində bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.