Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ TƏLƏBƏ HƏFTƏSİNDƏ SƏRGİLƏR

14.11.2014


Naxçıvan Dövlət Universitetində 10-17 noyabr Beynəlxalq Tələbə Həftəsi münasibətilə Memarlıq və mühəndislik fakültəsi tələbələrinin əl işlərindən ibarət elektronika və memarlıq sərgiləri təşkil olunub. Səginin açılışında universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək universitetdə nanotexnologiyaların tətbiqi, tələbələrdə elmi-texninki təfəkkürü inkişaf etdirmək və onlarda praktiki vərdişlər aşılamaq baxımından belə sərgilərin əhəmiyyətindən danışıb, tələblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Sonra sərgilərlə tanışlıq olub. Fakültə dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Cavanşir Zeynalov elektronika sərgisində nümayiş olunan alqoritmlərin prinsipial sxemləri, istixanalar və əkin sahələri üçün nəzərdə tutulan kompüter suvarma sistemi, hidroprosessor üzərində qurulmuş multivibrator, günəş batereyası ilə işləyən elektron işıqfor, 32 simvollu yaddaş qurğusu, Morze aparatı, enerjinin avtomatik idarəedilməsi qurğusu, səs generatoru və digər əl işlərinin elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyəti barədə məlumat verib.    
    
Memarlıq sərgisində Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova qeyd ediblər ki, tələbələrin yeni memarlıq layihələrindən gələcəkdə müasir memearlıq nümunələrinin tikintisində, şəhərsalmada istifadə oluna bilər. Burada sərgilənən 9 mərtəbəli mehmanxana və yaşayış evinin, spiralvari hökümət binasının, “büllur saray”ın maketləri, yeni kompozisiyalar maraq doğurub.