Sayt xəritəsi

XƏBƏRLƏR

TƏLƏBƏ TEATR STUDİYASININ BEYNƏLXALQ TƏLƏBƏ HƏFTƏSİNƏ ƏRMƏĞANI

14.11.2014


Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası  Beynəlxalq Tələbə Həftəsi münasibətilə tələbələrə filologiya elmləri doktoru, professor  Adil Babayevin “Sarı gəlin” əsəri əsasında səhnələşdirdiyi eyniadlı  tamaşanı ərməğan edib.    
        
Tamaşa  Naxçıvan Dövlət Universitetininin tələbə inşaat dəstəsinin muxtar respublikada gedən tikinti-quruculuq işlərində fəal iştirakından, kənddə yeni məktəb binasının tikintisi ilə təhsilə, yeni nəslin formalaşmasına öz töhfələrini vermələrindən bəhs edir. Əsərin əsas ideyası gənc nəslin müstəqil Azərbaycanın inkişafında fəal iştirakı, cəmiyyətdə vətəndaşıq mövqeyi nümayiş etdirməsi olmaqla tələbə gəncliyin əxlaqi mənəvi dəyərlərə, milli ideologiyaya yiyələnməsinin zəruriliyi də təbliğ olunur. Tamaşada Savalan baba və onun xanımı, eləcə də Ədalət müəllim obrazı və tələbələrin timsalında nəsillərarası əlaqə, səmimi ünsiyyət, yaşlı nəslə hörmət və ehtiram da öz əksini tapmışdır. Xəyanətkar və öz mənfur xislətini illər uzunu riyakarcasına gizlətmiş erməni Vahabın Ədalət müəllim və tələbələr tərəfindən ifşa olunması  ziyalı gəncliyin vətənpərvər və dövlətçiliyə sədaqət ruhunda yetişdiyini göstərir. Əsərin quruluşçu rejissorları Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova və Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Elnur Rzayev, məsləhətçi həmin kafedranın müəllimi Tofiq Seyidovdur. Universitetin müəllimi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovun bəstələdiyi musiqi Musiqi təlimi kafedrasının müəllimi Toğrul Quliyev tərəfindən fortopianoda uğurla ifa olunur. Tamaşanın rəssamı Etibar Rzayev, səhnə tərtibatçısı Təsviri incəsənət kafedrasını əməkdaşı Akay Məmmədovadır. Əsas rollarda müəllimlərdən Elnur Rzayev (Ədalət), Tofiq Seyidov (Savalan baba), Sərdar Qurbanov (Aşıq), Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy (erməni Vahan),aktyorluq ixtisasının II kurs tələbəsi  Xalidə Məmişova (Sünbül), Solo oxuma ixtisası üzrə I kurs tələbəsi Nurbəniz Niftəliyeva (Nənə),  aktyorluq ixtisasının II kurs tələbəsi Elmi Hüseynquliyev (Ergün), Turizm və otelçilik ixtisası üzrə III kurs tələbəsi Bünyad Səttarlı  (Fikrət) ifa edirlər. Epizodik rolları aktyorluq ixtisasının I-III kurs tələbələri canlandırır.
        
Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov uğurlu tamaşa münasibəti ilə yaradıcı heyəti təbrik edib, əsərin ideya-bədii xüsusiyyətlərindən, uğurlu səhnə təcəssümüsündən bəhs edib.

Xatırladaq ki,  akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə 1999-cu ildə yaradılan Tələbə Teatr Studiyası  yaddaqalan səhnə uğurlarına imza atmışdır.  Studiyanın hazırladığı tamaşalar təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da rəğbət qazanmışdır. Bu illər ərzində böyük inkişaf yolu keçən Tələbə Teatr Studiyasında akademik İsa Həbibbəylinin ideyası və elmi məsləhətçilyi ilə Kamal Abdullanın “Beyrəyin dramı”, Turan Oflazoğlunun “Türklərin Atatürkü”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Ölülər”, qədim yunan dramaturqu, faciə ustası Esxilin “Zəncirlənmiş Prometey” faciəsi kimi əsərlər səhnəyə vəsiqə qazanmışdır.  Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın peşəkar rəhbərliyi altında komanda şəklində birləşən gənc aktyorlar ilk səhnə təcrübəsinə yiyələnərək daha böyük, peşəkar səhnəyə hazırlanır.