Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ TƏLƏBƏ HƏFTƏSİ KONSERT PROQRAMI İLƏ BAŞA ÇATIB

19.11.2014


Ənənəvi  “Beynəlxalq tələbə həftəsi” Naxçıvan Dövlət Universitetində  maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunub. Həftə ərzində təşkil olunan idman yarışları,  konfranslar, viktorinalar, rəsm və elektronika sərgiləri, müxtəlif tamaşalar tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir. Beynəlxalq tələbə həftəsinin yekununda isə universitetin incəsənət fakültəsinin tələbələri xüsusi konsert proqramı ilə çıxış ediblər.

Beynəlxalq Tələbə Həftəsinin yekununda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə gəncliyə ölkənin gələcək intellektual potensialı kimi hərtərəfli diqqət və qayğı göstərilməsindən, tələbələrin elm, təhsil, idman, mədəniyyət sahəsində qazandığı nailiyyətlərdən danışıb. Rektor, Enactus Azərbaycan yarışmasının qalibi olan Naxçıvan Dövlət Universitetinin komandasını  Çinin paytaxtı Pekində keçirilən “Enactus Dünya Kuboku 2014” yarışlarında ölkəmizi təmsil edərək yer qazanması, ölkəmizin paytaxtı Bakı şəhərində “Heydər Əliyev Mərkəzində” ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışında 44 komanda arasından Naxçıvan Dövlət Universiteti komandasının 5-ci olması ilə bağlı məlumat verib, həmçinin Beynəlxalq tələbə həftəsində fəal iştirak edən tələbələrə uğurlar arzulayaraq, onlara diplom, medal, fəxri fərman və kubokları  təqdim edib.

Sonda geniş konsert proqramı olub. Musiqi müəllimliyi və Solo oxuma ixtisası tələbələrindən Sərxan Allahverdiyev, Vəli Nəsirov, Bəhruz Quliyev və Rahim Əsgərzadə Ü.Hacıbəyov, T.Quliyev, S.Rüstəmov, E.Sabitoğlu, R.Mirişli kimi görkəmli Azərbaycan bəstəkarlarının repertuarından ariya və mahnılar səsləndiriblər. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovanın bədii rəhbərliyi ilə, “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsinin qalibi “Meridian” vokal qrupunun ifasında Azərbaycan xalq mahnıları və s. bir-birindən gözəl musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb. Konsert, universitetin Tələbə Teatr Studiyasının rəqs qrupunun “Kuzə” rəqsi ilə alqışlarla sona çatıb.