Sayt xəritəsi

XƏBƏRLƏR

QÜDSİ VƏNƏNDİ “DİVAN” KİTABININ TƏQDİMATI

27.11.2014


 Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov tərəfindən nəşrə hazırlanan Qüdsi Vənəndinin “Divan” ının təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimini Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli açaraq kitab haqqında təəssüratlarını bildirib. Qeyd olunub ki, Qüdsi Vənəndinin yaradıcılığını 2 kitabda oxuculara təqdim etməyi nəzərdə tutan Əsgər Qədimov, I cilddə onun Azərbaycan dilində əsərlərini toplayıb, şairin fars dilində olan əsərləri isə (II cild) tərtibçi tərəfindən çapa hazırlanmaqdadır. Natiq vurğulayıb ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən yeni nəşr, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun elmi redaktorluğu, həmçinin filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin, filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyevin rəyi ilə yüksək poliqrafik səviyyədə, böyük tirajla çap olunub.

Tədbirdə Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimlinin Qüdsi Vənəndinin “Divan”ı haqqında ümumi məlumatı dinlənilib. Qeyd olunub ki, Əsgər Qədimov Naxçıvan ədəbi mühitinin unudulmuş simaları haqqında bir sıra kitablar çap etdirib. Natiq, belə bir faydalı kitabı Əsgər müəllimin klassik ədəbi-mədəni irsin öyrənilməsi sahəsində növbəti uğurlu addımı, həmçinin son dövr Azərbaycan ədəbiyyatşünaslığında klassik irsin nəşri sahəsində görülmüş mühüm işlərdən biri hesab edib. Natiq yeni nəşr barədə ətraflı məlumat verərək vurğulayıb ki, “Divan”da  XIX əsr Azərbaycan şairi və Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin ilk rəhbəri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma(avtoqraf) divanlarından və başqa mənbələrdən toplanmış yalnız Azərbaycan türkcəsində olan əsərləri verilib. Müəllif “Divan”da dilçi tədqiqatçılar üçün dil tarixi baxımından Qüdsinin fərdi üslubunu və leksikonunu saxlamağa çalışıb. Kitabda şərhlərə də xüsusi yer ayrıldığını bildirən professor Hüseyn Həşimli, oxucuların ön söz vasitəsilə Qüdsi Vənəndinin yaşayıb yaratdığı ədəbi mühitlə tanış olduqlarını nəzərə çatdırıb. Kitabda qeyd olunub ki, Qüdsi Vənəndi klassik lirika ənənələrini çox mükəmməl şəkildə bilən, həm Şərq tarixini, islam mədəniyyətini, ərəb-fars dillərini, klassik Azərbaycan ədəbiyyatını, həm də klassik Şərq poetikasının qayda-qanunlarını mükəmməl şəkildə bilən şair idi. Kitabda ön sözdən sonra Qüdsi Vənəndinin şerləri müxtəlif bölmələr üzrə qruplaşdırılır. Bu bölmələrdə nəsihətnamələr, mənzum məktublar, səfərnamələr, qəzəllər və s., son bölmədə isə Qüdsi Vənəndinin dini məzmunlu şerləri  yer alıb.

Vurğulanıb ki, Qüdsi Vənəndinin “Divan” kitabında toplanmış şerlər XIX əsr Azərbaycan məişətinin, mühitinin ictimai reallıqlarını öyrənməyə də bir mənbə kimi kömək edir.

Tədbirdə universitetin Azərbaycan dili və Ədəbiyyat ixtisasının I kurs tələbələri Gültəkin Rüstəmli, Gülnar Cəlilova, Fatma Seyidli tərəfindən Qüdsi Vənəndinin şerləri səsləndirilib.

Təqdimetmə mərasiminin sonunda müəllif,  Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov əldə etdiyi elmi faktlardan söz açıb. Tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.