Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN

04.12.2014


 Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin “Heydər Əliyev və Naxçıvan” mövzusunda keçirilən növbəti məşğələsi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmov bildirib ki, Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Natiq, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində  Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Dahi rəhbər çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb. Rektor bildirib ki, bu gün qürurla deyə bilərik ki, Azərbaycan öz tarixinin ən  şərəfli və qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. Naxçıvan Muxtar Respublikasında bu siyasi missiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  tərəfindən uğurla davam etdirilir. Ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağı özünün əsl inkişafına qovuşub. Qeyd olunub ki, Azərbaycanın tərəqqi yoluna  nəzər salarkən aydın olur ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulmuş, İlham Əliyev müdrikliyi ilə idarə olunan Azərbaycan Respublikasının parlaq gələcəyi qaçılmazdır.

Məşğələdə “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə ilə çıxış edən, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev  ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışaraq bildirib ki, müstəqil Azərbaycan xalqımızın böyük oğlu Heydər Əliyevin şah əsəridir. Ümummilli liderin muxtar respublikadakı siyasi fəaliyyətindən geniş söhbət açan prorektor vurğulayıb ki, Ulu öndər Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyətinin qorunmasında, siyasi-iqtisadi əlaqələrinin inkişafında, azərbaycançılıq ideologiyasının və müasir milli dövlətçilik ənənələrinin yaşadılmasında əvəzsiz xidmətlər göstərib. Qeyd edilib ki, Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən nəinki doğulub boya-başa çatdığı Naxçıvan torpağının toxunulmazlığı, bütövlükdə, Azərbaycanın tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin inkişafı və digər taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul edib. Məhz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında və qorunmasında əhəmiyyətli siyasi-tarixi rol oynayıb. Ümummilli Liderin həyatının və siyasi irsinin öyrənilməsinin zəruriliyindən danışan prorektor, bu gün Naxçıvan Muxtar Respublikasındakı sürətli inkişafdan da söhbət açıb.