Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV MUZEYİNDƏ UNİVERSİTET TƏLƏBƏLƏRİNİN İŞTİRAKI İLƏ AÇIQ DƏRS

10.12.2014

 

 Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda açıq dərs keçirilib.

Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirak etdiyi açıq dərsdə, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, ölkəmizin dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev gərgin əməyi ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaradıb. Rektor qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilərək, dünyanın siyasət arenasında öz layiqli yerini tutub.

Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda mühazirə oxuyub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər bir işi görüb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub, bütün sahələrdə uğurlu islahatlara başlanılıb. Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada durduğu faktlarla açıq dərs iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılmasının, elmi əsaslarla öyrənilməsinin və təbliğinin ən vacib məsələlərdən olduğu bildirilib.

Sonra açıq dərs iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.