Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ KONFRANS

10.12.2014

 

Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş elmi konfrans keçirilib.

“Mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır”- bu fikirləri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransdakı çıxışında səsləndirib. Rektor, xalqımızın tarixini amansız keşməkəşlərdən  uğurla keçirib  yaşatmağı, inkişafa doğru  istiqamətləndirməyi bacaran  dövlət xadimi, uzaqgörən  siyasətçi  Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, Heydər Əliyev Azərbaycan xalqının  tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca  yaşayacaqdır. O, hər zaman  xalq ilə nəfəs alıb,  həyatının mənasını xalqına xidmətdə  görüb.  Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, onun siyasətini  dəstəkləyib və etibarlı dayağına  çevrilib.

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Heydər Əliyev- Fenomenal siyasətçi”, YAP Gənclər Birliyinin sədr müavini, I kurs magistr Elgün Tağıyevin “Heydər Əliyev- Azərbaycançılıq məfkurəsinin himayədarı”, riyaziyyat- informatika müəllimliyi ixtisasının III kurs tələbəsi Leyla Şirzadzadənin “Heydər Əliyev- Görkəmli siyasi xadim kimi”, tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Səma Məmmədovanın “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, menecment ixtisasının III kurs tələbəsi Emil Zamanlının “Heydər Əliyev və Azərbaycanda təhsilin rolu” mövzularındakı məruzələrində, ümummilli lider Heydər Əliyevin bəşər tarixindəki nadir şəxsiyyətlərdən, siyasət nəhəngi olmasından, Azərbaycanın milli müstəqilliyinin qorunmasında, müasir dinamik inkişafında taleyüklü məsələlərin həllindəki misilsiz xidmətlərindən bəhs olunub.  Bildirilib ki, Azərbaycan  xalqı çox xoşbəxtdir ki,  onun Heydər Əliyev kimi  dünya miqyasında  sayılıb-seçilən  ümummilli lideri var. Vurğulanıb ki, Azərbaycanın  dövlət müstəqilliyinə  nail olmaq və onu möhkəmləndirmək  ulu öndərimizin amalı olub. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu  müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək  çiçəklənəcəkdir.

Sonda milli dövlətçiliyimizin memarı və qurucusu olan xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən sənədli  film nümayiş olunub.