Sayt xəritəsi

XƏBƏRLƏR

ÖLMƏZ ŞƏXSİYYƏT, UNUDULMAZ RƏHBƏR

10.12.2014

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr edilmiş silsilə tədbirlər anım mərasimi ilə yekunlaşıb. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə gerçəkləşdirilən tədbirdə əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək dünyaşöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, keçdiyi şərəfli siyasi mübarizə yolundan danışıb. Qeyd olunub ki, ümummilli lider xilaskarlıq və quruculuq missiyasını yerinə yetirməklə Azərbaycanı dinamik inkişafına, beynəlxalq  arenada layiqincə təmsil olunmasına nail olub. Rektor  Azərbaycanda, o cümlədən muxtar respublikada Heydər Əliyev ideyalarının təntənəsinindən bəhs edərək tələbə gənclərə ulu öndərin siyasi irsini layiqincə öyrənmək və yaşatmaq tövsiyə edib.

Bələdiyyə və turizm kafedrasının müdiri, dosent Hafiz Hüseynov “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” məruzəsində qeyd edib ki,  çətin və mürəkkəb bir dövrdə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev xalqımızın unudulmaz rəhbəri, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Bu gün Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev ümummilli liderin məqsədyönlü, məğlubedilməz siyasətinə söykənərək mühüm siyasi-iqtisadi uğurlara imza atır.

Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə edərək bildirib ki, dahi öndər Naxçıvandakı siyasi fəaliyyəti ilə ərazilərin erməni işğalından müdafiəsinə, milli şüurun oyanmasına, dövlət strukturlarının yaradılmasına xidmət etmişdir. Naxçıvan Muxtar Respublikasının 1991-1993 cu illərdə  iqtisadi-siyasi böhrandan xilas olub tərəqqi yoluna qədəm qoyması məhz Ali Məclisin o zamankı sədri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bu dövrdə nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın müstəqilliyinin qorunması, taleyüklü məsələlərin həlli istiqamətində qətiyyətli siyasi qərarlar qəbul etmişdir.     

Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” mövzulu məruzəsində ümummilli liderin bu ali təhsil ocağı ilə əlaqələrindən, universitetin müqəddaratında, təşəkkülündə və inkişafında mühüm rol oynamasından danışıb. Ümummilli lider ilk dəfə 1974-cü ildə pedaqoji kollektivlə görüşmüş, 1992-ci ildə universitetin 25 illik yubiley tədbirlərində, 1999-cü ildə isə 1600 yerlik yeni tədris korpusunun açılış mərasimində iştirak etmiş, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biri kimi yüksək dəyərləndirmişdir.
     
Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiyada dahi öndərə həsr edilmiş poetik nümunələr və mahnılar səslənib.