Sayt xəritəsi

XƏBƏRLƏR

NƏFƏS ALIR, YAŞAYIR O QANIMIZLA QİDALANAN BAYRAĞIMIN DALĞASINDA!

12.12.2014

 

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “O yaşayır, yaşayacaq!” mövzusunda elmi konfrans keçirilib.    

Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev konfransı giriş sözü ilə açaraq ümummilli liderin çoxşaxəli siyasi fəaliyyətindən, milli elm və təhsilin, mədəniyyətin və ədəbiyyatın, qədim və zəngin tariximizin öyrənilməsindəki misilsiz xidmətlərindən, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın hərətərəfli tərəqqisinə xidmət edən məqsədyönlü siyasətindən bəhs edib.     
Konfransda Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbələri Aynur Ləzgiyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”, Səma Məmmədova isə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzələr edərək ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və etimaddan, milli müstəqilliyimizin memarı və qurucusu kimi atdığı qətiyyətli siyasi addımlardan, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatmasında, haqq səsinin bütün dünyada bəyan olunmasında, beynəlxalq müstəvidə yetərincə tanınmasında müstəsna xidmətlərindən bəhs ediblər.
                                        
Konfransda muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə III kurs tələbələri Nərmin Orucovanın “Heydər Əliyevin Azərbaycançılıq siyasəti və çağdaş Naxçıvan qadını”, Səmanə Rüstəmovanın “Naxçıvan muzeyləri Heydər Əliyev epoxasında”, Nihad Tarverdiyevin “Müstəqil dövlətin təhlükəsizliyinə gedən yol” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə ümummilli liderin azərbaycançılıq ideologiyasını böyük siyasətdə ləyaqətlə daşımasından, milli mədəniyyət abidələrinə, tarixi varidata olan diqqət və qayğısından, Azərbaycanın dövlət müstəqilliyini siyasi xaos və anarxiyadan, vətəndaş qarşıdurmasından, xarici seperatçıların təzyiqlərindən qoruyaraq əbədiləşdirməsindən danışılıb.     
                            
Tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova dahi öndər ilə 1993-cü ilin yanvar ayına təsadüf edən görüşünün təəssüratlarını konfrans iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki,  çox çətin və ağır şəraitdə Naxçıvan Muxtar Respublikasını məhv olmaqdan xilas edən, qeyri-adi iradə sahibi, fenomenal şəxsiyyət olan ümummilli liderin görüş zamanı XI sinif şagirdinə verdiyi dəyərli tövsiyələr bugünkü müstəqil Azərbaycan gəncliyi üçün də müqəddəs amal hesab olunmalıdır.     

Sonda tələbələrin ifasında ümummilli liderə həsr olunmuş şeirlər bədii qiraət olunub. Tarix-filologiya fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent İman Cəfərli konfransa yekun vuraraq tələbə gəncliyin ümummilli liderin şərəfli həyat yolunu, siyasi irsini, parlaq ideyalarını sonsuz sevgi və maraqla öyrənmələrini yüksək dəyərləndirib.