Sayt xəritəsi

XƏBƏRLƏR

TÜRKİYƏNİN BAŞ KONSULU UNİVERSİTETDƏ

17.12.2014

 

Türkiyənin Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş Baş konsulu Nihat Ərşən Naxçıvan Dövlət Universitetində olub.

Universitetin rektoru, AMEA-nın mübir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq, Azərbaycan - Türkiyə əlaqələrinin inkişafından danışıb. Rektor, ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, genişlənməkdə olan beynəlxalq əlaqələri haqqında qonağa məlumat verib. Qeyd olunub ki, dünyanın 80-dən artıq universiteti ilə tərəfdaşlıq edən  bu ali təhsil ocağının Türkiyənin 40-a yaxın ali məktəbləri ilə, o cümlədən Ankara, Ərdahan, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan  universitetləri ilə elmi əməkdaşlığı bu gün də uğurla davam etdirilir. Bu ali məktəbdə  10 xarici ölkədən 341 nəfər vətəndaş təhsil alır ki, bunlardan da 291 nəfəri Türkiyə vətəndaşlarının payına düşür.

Səmimi görüşə görə minnətdarlıq edən Nihat Ərşən türk xalqlarının tarixi köklərdən qaynaqlanan həmrəyliyindən danışıb, iki qardaş ölkənin siyasi, mədəni, iqtisadi əlaqələrinin bu gün də uğurla davam etdiyini bildirib. Baş konsul həmçinin təhsil sahəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsində əlindən gələni edəcəyini deyib.