Sayt xəritəsi

XƏBƏRLƏR

KOREYANIN AZƏRBAYCANDAKI SƏFİRİNİN MÜAVİNİ NDU-DA

17.12.2014

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin I müavini xanım Ça Çang Sun Naxçıvan Dövlət Universitetində olub.

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonağı salamayaraq, universitetin Cənubi Koreya ilə elm və təhsil sahəsində çoxşaxəli əlaqələrinin olduğunu bildirib. Natiq bu əlaqələrin davamı olaraq hazırda önəm verilən sahələrin kredit sisteminin tələblərinə uyğun Kimçonq və Busan Kyumqsunq universitetləri ilə birgə həyata keçirilən tələbə və müəllim mobilliyindən söhbət açıb. Naxçıvan Dövlət Universitetində Cənubi Koreya mədəniyyət və dil tədrisi mərkəzlərinin yaradılması, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin  uğurla həyata keçirilməsinin isə bu əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildirən prorektor, KOİCA şirkəti ilə gələcəkdə əlaqələrin uğurla davam etdirilməsinə əminliyini ifadə edib.

Koreya səfirinin müavini xanım Ça Çang Sun ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf dinamikasından söz açıb, universitetlərarası əlaqələrin möhkəmlənməsinin əhəmiyyətini qeyd edib.

Görüşdən sonra qonaq, universitetin Media və İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzlərində olub, KOİCA tərəfindən  alınan müasir texnologiyaların quraşdırılması və fəaliyyəti ilə maraqlanıb. Məlumat verilib ki, 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılan bu layihə ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Azərbaycan ali təhsil məkanında ən irihəcmli olan bu layihənin 2015-ci ilin əvvələrində açılışı nəzərdə tutulur. Xanım  Ça Çang Sun layihənin gedişi ilə bağlı görülən işlərdən razılığını bildirib. Görüş zamanı əməkdaşlığın gələcək inkişafı istiqamətində bir sıra təkliflər də irəli sürülüb.