Sayt xəritəsi

XƏBƏRLƏR

"NAXÇIVANQALA" TARİX-MEMARLIQ MUZEY KOMPLEKSİNDƏ AÇIQ DƏRS

17.12.2014

 

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə açıq dərs keçilib.

Muzeyin direktoru Elçin Əliyev açıq dərs iştirakçılarına  muzey haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.

Açıq dərsdə universitetin Tarix- filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli yeni nəslin tərbiyəsində muzeylərin rolundan, Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,dosent Məmməd Əliyev Naxçıvan Muxtar Respublikasında muzeylərə göstərilən dövlət qayğısından və 2014-cü ildə Muxtar Respublikada istifadəyə verilmiş yeni muzeylərdən, “Universitet dünyası” muzeyinin müdiri, Arxiv işi və muzeyşünaslıq kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyev Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən muzeylər barəsində danışaraq, muzey ekspozisiyasında açıq dərslərin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra tələbələr komplekslə yaxından tanış olublar.