Sayt xəritəsi

XƏBƏRLƏR

TƏDRİS PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ VƏ MÜASİR TƏHSİL KONSEPSİYALARINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS

17.12.2014

 

Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzususnda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasını giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından konfrans iştirakçılarını salamlayıb. Çıxışda qeyd olunub ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin də inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bu diqqət və qayğı sayəsində son 10 ildə 150-yə yaxın məktəb binası tikilib istifadəyə verilmiş, hazırda bu sahədə işlər davam etdirilir. Təhsil müəssisələri 3500-dən çox kompüterlə təmin edilmiş, onların 84%-i internetə qoşulmuş, 600-ə yaxın elektron lövhə quraşdırılmışdır. Təhsilə göstərilən dövlət qayğısı ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna da öz müsbət təsirini göstərmişdir. Belə ki, 2014-2015-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 347-si qəbul imtahanlarında 500-700 intervalında bal toplamışdır ki, bu da ötən illə müqayisədə 11% çox olmuşdur.    

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi də diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu cəhətdən mühüm rol oynamışdır. Bu məqsədlə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil mərkəzi yaradılmış, bu kateqoriyadan olan 19 uşaq kompüter, məktəbli geyim və ləvazimatları ilə təmin olunmuşdur.     
        
Muxtar Respublikada elektron təhsilin tətbiqi, təhsil müssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması məqsədilə Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli sərəncam imzalamışdır. Bu sərəncama əsasən Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır.                                             

Elm və biliyin tərəqqisi məqsədilə, Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə Ali Məclisin Sədri yanında Bilik Fondu, həmçinin elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilmiş, Mükafat Komissiyası yaradılmışdır. Bütün bunlar muxtar respublika əhalisinin maarifləndirilməsi, gənclərin biliklərinin artırılması, naxçıvanşünaslığın təbliği, yaradıcı ziyalıların müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsilin, elmin inkişafı. maddi-texniki bazanın əsaslı şəkildə möhkəmləndirilmsəi və yenidən qurulması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilmış, müxtəlif ixtisaslar üzrə mütəxəssislər, elmi-pedaqoji kadr hazırlığı, yeni təhsil standartlarına keçidlə əlaqədar mühüm işlər görülmüşdür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məslələri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri çıxışının sonunda növbəti beynəlxalq elmi konfransın elmi fikirlərin müzakirəsi və qarşılıqlı elmi əlaqələrin yaradılması baxımından böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.    

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil sistemi qarşısında duran vəzifələr” haqqında məruzə edərək ümummilli lider heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının bugünkü uğurlu davamından, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının təhsilin tərəqqisinə verəcəyi töhfələrdən, milli təhsilin insan kapitalına olan təlabatı ödəyəcək, dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsindən, tədrisin keyfiyyətində edilən əsaslı dəyişiklərin 2020-ci  ildə Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına çıxmasına xidmət etməsindən danışıb.            

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr” məruzəsində bildirib ki, universitet 2009-cu ildən Bolonya prosesinə qoşulmuş və 2012-ci ildən bu prosesin tətbiqinə başlanmışdır. Hazırda bu ali məktəbdə Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində mühüm uğurlar qazanmaqla yanaşı muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə yaxından köməklik göstərir.                        

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutnun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov “Təhsildə yeni hədəflərə yol – müasir məktəb və innovativ müəllim” məruzəsində Azərbaycanda müasir dövrdə təhsil sahəsində aparılan islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris prosesində, pedaqoji kadr hazırlığında məzmun dəyişikliyi, ənənəvi metodlardan müasir tədris üsullarına keçid, beynəlalq təcrübənin mənimsənilməsi və tətbiqinin əhəmiyyəti barədə məlumat verib.                        

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında elm və təhsilin  qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı proseində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb.                             

Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor, Əməkdar elm xadimi Oruc Həsənli “Təfəkküryönümlü kurikulum və gələcəyə baxış”, İstanbul Əsənyurd Universitetinin əməkdaşı Davud İbrahimoğlu “Pozitiv düşüncə və beynin uyğun öyrənilməsi”, Bakı Biznes Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Fərahim Sadıqov “Pedaqoji elmin banisi Y.A.Komenskinin vətəni Şexiyada təhsil” mövzusunda məruzələr ediblər.


İkigünlük beynəlxalq elmi konfrans 8 bölmə iclası ilə işini davam etdirəcək.