Sayt xəritəsi

XƏBƏRLƏR

TANINMIŞ MEMARLAR UNİVERSİTETDƏ

21.12.2014

 

Naxçıvanda keçirilmış Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində də olublar. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqaları salamlayaraq ali məktəbin strukturu, təşəkkülü və inkişafı, tədrisin səviyyəsi, professor –müəllim heyəti və tələbə kontingenti barədə geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ali təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində universitetin 110 hektarlıq ərazisində ucaldılan bir-birindən yaraşıqlı tədris korpusları müasir memarlıq kompleksi təşkil edir. Burada digər ixtisaslar kimi memarlıq ixtisası da dünya standartlarına cavab verəcək səviyyədə, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tədris olunur. Ali məktəbdə mövcud olan sürətli internet resursları, tezliklə istifadəyə veriləcək elektron təhsil şəbəkəsi müxtəlif dünya universitetləri ilə virtual əməkdaşlığa, onlayn simpozium və konfransların təşkilinə, təcrübə mübadiləsinə xidmət edəcək. Universitetdə 2001-ci ildən etibarən memarlıq üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Hazırda təhsilin bokalavr, magistratura və doktorantura pillələri üzrə burada 200-ə yaxın tələbə təhsil alır ki, onların sırasında Türkiyə, Nigeriya respublikalarının da vətəndaşları var.                       

Qonaqlar auditoriyalarda, “Memarlıq və incəsənət tarixi” kabinəsində və sərgi salonunda tədris prosesi, tələbə memarların yeni layihələri ilə tanış olublar. Memarlıq və mühəndislik fakültəsinını dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov buradakı maket və kompozisiyalar barədə məlumat verərərk bildirib ki, tələbələrin əl işləri bir sıra beynəlxalq sərgilərdə uğurla nümayış olunub.                                       

Memarlıq ixtisasının tələbələri ilə görüş zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor Nərgiz xanım Abdullayeva Azərbaycanın zəngin memarlıq ənənələrindən, Naxçıvan memarlıq məktəbinin dünyaca məşhur nümunələrə malik olmasından, müasir memarlıq və şəhərsalma sahəsində qazanılan nailiyyətlərindən bəhs edib. Çıxışda universitetlərarası təcrübə mübadiləsi, müştərək layihələrin təşkili ilə bağlı maraqlı təkliflər səsləndirilib. Nərgiz xanım Abdullayeva gənc memarları Azərbaycan Memarlar İttifaqının yeni yaradılan Naxçıvan Bölməsinin fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri,  Azərbaycanın Əməkdar memarı , "Şöhrət" ordenli Elbay Qasımzadə memarlığın inkişafına qayğı ilə yanaşmış ümummilli lider Heydər Əliyevin vətəni, sivilizasiyanın beşiyi Naxçıvanda qədim və orta əsrlər dövrünə məxsus nadir tarixi abidələrin olmasından danışıb, Naxçıvanda keçirilən növbəti plenumunun memarlığın inkişafı və memarlar arasında qarşılıqlı əlaqələrin qurulması baxımından faydalı olacağını qeyd edib.                            

Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Ramiz Əbdülrəhmanov memarlıq ixtisasının tədrisi ilə bağlı əməkdaşlığın əhəmiyyətindən bəhs edib, müasir Azərbaycanın gələcəkdə daha füsünkar və gözəl görünməsinə xidmət etmək üçün tələbələrə zəngin bilik və təcrübəyə yiyələnmək arzulayıb, sərgidəki işləri yüksək qiymətləndirib.        

Sonda Azərbaycanın tanınmış memarları kafedraya və tələbələrə beş cildlik “Azərbaycan memarlıq tarixi”  kitabını, monoqrafiya və dərsliklər hədiyyə ediblər. Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev və memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova da müəllifləri olduqları yeni elmi nəşrləri həmkarlarına təqdim ediblər.