Sayt xəritəsi

XƏBƏRLƏR

TEMPUS LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NDU-DA NÖVBƏTİ KONFRANS

21.12.2014

Naxçıvan Dövlət Universitetində “Əlil şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi çərçivəsində  ikigünlük konfrans öz işinə başlayıb. Konfransın keçirilməsində əsas məqsəd fiziki imkanları məhdud olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasını dəstəkləyən mexanizmin qurulması və bu sahədə Avropa təcrübəsini universitetlərdə tətbiq etməkdir.

Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. Universitetin keçdiyi inkişaf yolu haqqında konfrans iştirakçılarına geniş məlumat verən natiq vurğulayıb ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və Avropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Avropa təhsil prosesini özündə əks etdirən Tempus proqramının da mühüm əhəmiyyəti var. Tempus tərəfdaş ölkələrdəki təhsil müəssisələrinin Avropadakı universitetlərlə əməkdaşlığını nəzərdə tutur. Bu əməkdaşlıq, təhsildə Avropa standartlarına dair təcrübənin bölüşməsi, bazar iqtisadiyyatına uyğun təhsil gündəliklərinin və proqramların diqqətlə müzakirə olunması, müasir ədəbiyyatın təminatı, tədrisin səviyyəsinin artırılması üçün məşğələlər, tələbələrin xaricdə təhsil alması, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının tətbiqinə xidmət edir.

Layihənin Naxçıvan Dövlət Universiteti üzrə koordinatoru, tarix üzrəfəlsəfə doktoru, dosent Şamxal Məmmədov çıxış edərək  bildirib ki, Naxçıvan Dövlət Universiteti Avropa İttifaqının Tempus proqramı üzrə keçirilən müsabiqədə Qrant layihələrinin iştirakçısı və icraçısı olmaq imkanı qazanaraq, bu layihəyə qoşulub. NDU Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 7 layihənin iştirakçısıdır. Vurğulanıb ki, Tempus proqramı əməkdaşlıq  çərçivəsində Avropa universitetlərinin nümayəndələri Naxçıvan Dövlət Universitetində olur, təcrübə mübadiləsi aparır. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və əməkdaşları layihə əsasında Avropa universitetlərindən iş təcrübəsini öyrənirlər.

Sonra konfrans öz işinə başlayıb. Layihənin Azərbaycandan tərəfdaş təşkilatları Azərbaycan Respublikası, həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərindən, Əlil Təşkilatları İttifaqından, Azərbaycan Respublikası Təhsil Nazirliyindən ekspertlər, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universitetindən nümayəndələr  iştirak edirlər.

Çıxış edən nümayəndələr və ekspertlər layihə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat veriblər. Konfransda həmçinin Sağlamlıq imkanları məhdud olan tələbələr üçün Azərbaycanın ali məktəblərində yaradılacaq şərait barədə də müzakirələr aparılıb.

Konfrans müddətində tədbir iştirakçıları Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olublar və burada keçirilən məşğələləri yaxından izləyiblər. Məlumat verilib ki, Dövlət proqramının tələblərinə uyğun olaraq, 2014-cü il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib. Bununla da hərəkət qabiliyyəti məhdud uşaqların təhsilə cəlbi təmin olunub. Muxtar Respublikada Avropa standartlarına cavab verən belə bir Mərkəzin fəaliyyət göstərməsi iştirakçılarda böyük maraq doğurub.

Iki gün davam edəcək konfransda “Əlilliyə təsir edən səbəblər və əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasəti”, “Əlilliyi olan şəxslərin təhsil hüquqları”, “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin təhsilinin təşkili” və s. mövzular dinləniləcək.

Qeyd edək ki, sözügüdən Tempus layihəsinin yekununda, layihənin əməkdaşları tərəfindən Əsasnamə hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunacaq.