Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK VƏ HÜQUQ TƏLİMİ KİTABININ TƏQDİMATI

24.12.2014

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədovun “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlət quruculuğu, demokratik prinsiplərin tətbiqi, insan hüquq və azadlıqları ilə bağlı qanunvericiliyin formalaşmasındakı əvəzsiz rolundan, yeni nəşrin dünya şöhrətli tarixi şəxsiyyətin siyasi irsinin öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayacağından danışıb. Natiq qeyd edib ki, “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi” kitabı yüksək elmi səviyyəsi və məzmunu cəhətdən dəyərlidir. Vurğulanıb ki, çoxsaylı tarixi mənbələrə və əsaslı faktlara söykənən, “Elm və təhsil” nəşriyyatının mətbəəsində işıq üzü görən yeni nəşr akademik İsmayıl Hacıyevin elmi məsləhətçiliyi, universitetin Hüquq fənləri kafedrasının dosenti Elman Cəfərlinin elmi redaktorluğu ilə böyük tirajla çap olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, YAP Naxçıvan şəhər təşkilatının sədri, universitetin Hüquq fənləri kafedrasının dosenti Elman Cəfərlinin  “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi və onun bəşəri əhəmiyyəti” adlı məruzəsi dinlənilib. Qeyd olunub ki, ali məktəb tələbələri və magistrləri üçün nəzərdə tutulan kitabda böyük tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim, Azərbaycanın milli müstəqilliyinin yaradıcısı və memarı, Azərbaycanın beynəlxalq müstəvidə tanınmasında, sosial-iqtisadi, siyasi, mədəni tərəqqisində əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, sivil Azərbaycan dövlətinin təşəkkülündə və inkişafındakı möhtəşəm xidmətlərindən bəhs olunur. Kitabın bütövlükdə Heydər Əliyevin dövlətçilik təliminə böyük töhvə olduğunu bildirən natiq, ümummilli liderin müstəqillik və azadlıq ideyaları, azərbaycançılıq məfkurəsi naminə yorulmaz, qətiyyətli mübarizəsinin yeni nəşrdə öz əksini tapdığını qeyd edib. Vurğulanıb ki, müəllif kitabda ümummilli liderin dövlətçilik təliminin, siyasi məfkurəsinin tarixi kökündə Dədə Qorqud müdrikliyi, Nizami maarifçiliyi, Xətai vətənpərvərliyi dayandığını göstərib. Kitabda “Sağlığında əfsanələşən şəxsiyyət”, “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir”, “Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələləri”, “Azərbaycançılıq konsepsiyası”, “Ordu quruculuğu sahəsindəki düşüncələr”, “Böyük Metsenat”, “Yeni tipli partiya haqqında düşüncələr”, “Azərbaycançılıq konsepsiyası” və s. dövlətçiliyin ayrı- ayrı sahələrinə həsr edilmiş bölmələr  yer alıb. Kitabın sonunda “Heydər Əliyevin müdrik fikirləri” adlanan bölmədə mənalı həyatını öz xalqına bəxş etmiş ümummilli liderin müdrik kəlamları  əks etdirilib.

Hüquq fənləri kafedrasının müəllimi Reyhan Sadiqovanın, Sosial idarəetmə və hüquq fakültəsinin IV kurs tələbəsi Vüsal Məmmədovun yeni nəşr haqqında çıxışları dinlənilib.

Təqdimetmə mərasiminin sonunda “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi” kitabının müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov əldə etdiyi elmi faktlardan söz açıb. Müəllif tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.