Sayt xəritəsi

XƏBƏRLƏR

HESABAT KONSERTİ - TƏLƏBƏLƏRİN İLK SƏNƏT UĞURU

24.12.2014

 

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin “Musiqi təlimi” kafedrasının ənənəvi hesabat konserti keçirilib. Kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, İsmayıl Mürsəlov 2008-ci ildən fəaliyyət göstərən kafedra haqqında məlumat verərək burada 15 müəllimin, o cümlədən iki nəfər Azərbaycan Respublikasının əməkdar artistinin fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, 2012-ci ildə kafedranın tərkibində Solo oxuma ixtisasının açılması inkişafa və rəngarəngliyə səbəb olub. Kafedra əməkdaşlarının hazırladığı tələbələr universitet tədbirlərində müvəffəqiyyətlə çıxış edirlər. “Musiqi təlimi” kafedrasının kollektivi bundan sonra da incəsənətimizin layiqincə təbliğinə, inkişafına xidmət edəcək.

Hesabat konsertində Solo oxuma ixtisası üzrə I kurs tələbələri Bəsti Qasımova, Nurbəniz Niftəliyeva və Məhərrəm Quliyevin, həmin ixtisas üzrə III kursda təhsil alan Bəhruz Quliyevin  görkəmli Azərbaycan bəstəkarlarının repertuarından seçdikləri sevilən mahnılar, vokal qrupunun ifasındakı xalq mahnılarından ibarət “Popuri”  alqışlarla müşaiyət olunub. Musiqi müəllimliyi ixtisası üzrə II kurs tələbələri Xədicə Şərifovanın fortepiano ifası, Mirnazim Seyidbəylinin çaldığı saz havası, Bilal Ərdoğanın, Murtuz Haqverdiyevin tarda ifa etdikləri musiqilər də rəğbətlə qarşılanıb.

Hesabat konsertindən sonra fakültə dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov çıxış edərək İncəsənət fakültəsinin qazandığı nailiyyətlərdən, perspektiv planlardan bəhs edib.  Qeyd olunub ki, Orkestr alətləri və Musiqi təlimi kafedralarının birgə səyi və əsasən tələbələrin iştirakı ilə “Arşın mal alan” operettasını on illik fasilədən sonra yenidən bərpa  etmək qərara alınıb.

Yekunda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək muxtar respublikada incəsənətin, mədəniyyətin inkişafında, yüksək ixtisaslı musiqiçilərin, peşəkar sənətkarların hazırlanmasında İncəsənət fakültəsinin rolundan danışıb. Ümumilikdə hesabat konsertini müsbət qiymətləndirən rektor, müəllimlərdən Əli Davudinin və digərlərinin əməyinin yüksək dəyərləndirib. Universitet rəhbəri səhnədə ilk kövrək addımlarını atan tələbələrə yaradıcılıq uğurları arzu edib,  tövsiyələrin çatdırıb.