Sayt xəritəsi

XƏBƏRLƏR

MİLLİ HƏMRƏYLİYİK XALQIN YENİLMƏZ GÜCÜ, QÜDRƏTİDİR!

28.12.2014

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti, 188-ci məşğələsi keçirilib. “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna həsr olunmuş məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmov 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  kollektivi təbrik edib, bu əlamətdar günün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, xalqımız ən ağır, çətin məqamlarda milli mənsubiyyəti ilə qürur duyan, azərbaycançılıq ideologiyasının kamil daşıyıcısı, ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə həsr edən ümummilli liderin ətrafında bir yumruq kimi birləşərməklə möhtəşəm tarixi nailiyyətlərə imza atmağa müyəssər olub.

Universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Vaqif Məmmədov mövzu ilə bağlı məruzə edərək  azərbaycançılıq və milli həmrəylik ideyalarının XX əsrin sonlarında daha geniş vüsət almasından danışıb. 1989-cu ildə Naxçıvanda sərhəd hərəkatı başlayıb, milli birlik uğrunda mübarizənin təməli qoyulub. Baş verən ictimai-siyasi proseslərə məhz ilk dəfə Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan MR Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Məruzədə Heydər Əliyevin Azərbaycan diasporunun formalaşması istiqamətindəki siyasi fəaliyyətindən, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi və Azərbaycanın dünya siyasət arenasında layiqincə təmsil olunmasındakı rolundan bəhs olunub. 

Məruzəçi bildirib ki, bu gün dünyanın dörd bir qitəsində yaşayan, fəaliyyət göstərən həmvətənlərimiz fəxr edə bilərlər ki, onların iqtisadi-siyasi cəhətdən inkişaf etmiş, müstəqil, demokratik, vahid vətəni var! Bu gun ümummilli liderin azərbaycançılıq ideologiyası ölkə başçısı İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan diasporu isə  milli maraqlarımızın, müstəqil Azərbaycan dövlətinin qətiyyətli siyasətinin müdafisəsi üçün fəaliyyətlərini gələcəkdə daha da gücləndirməlidir.