Sayt xəritəsi

XƏBƏRLƏR

NƏSİLLƏRƏ ÖRNƏK: AZƏRBAYCAN QADINI KİTABININ TƏQDİMATI

28.12.2014

 

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasovanın “Nəsillərə örnək: Azərbaycan qadını” (Qədim dövr-orta əsrlər-XIX əsr) kitabının təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq kitab haqqında təəssüratlarını bildirib. Qeyd olunub ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən yeni nəşr, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin elmi məsləhətçiliyi, tarix üzrə elmlər doktoru, dosent Firdovsiyyə Əhmədovanın elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surənin, tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynovun rəyləri əsasında yüksək poliqrafik səviyyədə çap olunub.

“Muxtar Respublikanın 90 illik yubiley təntənələrinə ziyalılarımızın yaradıcı tovhələri sırasına bu gün təqdimatına yığışdığımız Sevinc Abbasovanın yeni araşdırması olan “Nəsillərə örnək: Azərbaycan qadını” kitabı da daxil olur”- bu fikirləri universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə kitab haqqında ümumi məlumatında qeyd edib. Natiq yeni nəşr barədə ətraflı danışaraq vurğulayıb ki, kitab, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan qadınlarının birinci qurultayında etdiyi dəyərli çıxışından sitatla başlayır. Qeyd olunub ki, Sevinc Abbasovanın “Nəsillərə örnək: Azərbaycan qadını” (Qədim dövr-orta əsrlər-XIX əsr) kitabında adlarını tariximizdə əbədi həkk etmiş görkəmli dövlət başçıları, sərkərdə və diplomatlar haqqında məlumat verilib, onların fəaliyyətləri və qəhrəmanlıqlarından bəhs olunur. Müəllif məhşur şairə qadınların həyat və yaradıcılıqlarına da geniş yer verib, onların fəaliyyəti ön plana çəkilib. Bildirilib ki, təqdimatı keçirilən yeni nəşr, tarixi kökü eradan əvvəl V əsrə dayanan, Qobustan qayaüstü rəsimlərində təsvirini tapan cangavər qadınlar- Amazonkalar, Massaget hökmdarı Tomris, miladdan öncə VII əsrdə yaşamış Məhinbanu Şəmiran, XII əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Məhsəti Gəncəvi, Möminə xatın, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını Sara xatın, Azərbaycanın hökmdar qadını səfəvilər sülaləsinin nümayəndəsi Pərixan xanım və bu kimi tanınmış qadınlarımızın həyat və fəaliyyəti haqqında məlumatlarla zəngindir. Seyid Surə kitabın sonunda ümummilli lider Heydər Əliyevin qadınlar haqqında aforizmlərinin verilməsinin təqdirəlayiq olduğunu bildirib.

Təqdimetmə mərasimində “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədovun, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sahir Rüstəmovun, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Qurban Qurbanlının, Kitabxanaçılıq ixtisası üzrə III kurs tələbəsi Səriyyə Alməmmədovanın kitab haqqında çıxışları dinlənilib və müəllifə yeni yaradıcılıq uğurları arzulanıb.

Sonra tələbələr tərəfindən qadınlara həsr olunmuş şeirlər səsləndirilib.

Təqdimetmə mərasiminin sonunda müəllif,  universitetin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Sevinc Abbasova əldə etdiyi elmi faktlardan söz açıb. Tədbirin təşkilatçılarına, kitabın araya-ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib.

Təqdimat mərasimində müəllifin elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.