Sayt xəritəsi

XƏBƏRLƏR

XALQ ÇALĞI ALƏTLƏRİ KAFEDRASININ HESABAT KONSERTİ

28.12.2014

 

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının hesabat konserti keçirilib.

Əvvəlcə aparıcı kafedra haqqında məlumat verib. Qeyd olunub ki, 2008-ci ildə yaranan xalq çalğı alətləri kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir.

Sonra tələbələr və müəllimlər geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri T.Quliyevin, F.Əmirovun, Ü.Hacıbəylinin, Q.Qarayevin, C.Cahangirovun ölməz bəstələri, dünya klassiklərindən A.Dvorjakın və başqalarının məşhur kompozisiyaları, həmçinin xalq mahnıları səsləndirilib.

Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın tələbəsi, birinci respublika müsabiqəsinin “Qran-pri” mükafatçısı Sevinc Babayevanın kanonda, kafedranın müəllimi Vahid Məmmədovun tələbəsi Ramilə Rzayevanın tarda, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülyanaq Fərzəliyevanın tələbəsi vokalist Bəhruz Quliyevin “Məhəbbət” mahnısını ifa etmələri konsert iştirakçılarının böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb.

Konsertin sonunda fikirlərini bölüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Bəstəkarlıq kafedrasının müdiri Kamal Əhmədov, Azərbaycan Respublikasının Əməkdar Artisti, musiqi təlimi kafedrasının baş müəllimi Zeynalabdın Babayev tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılıqlarını ifadə ediblər.