Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA NÖVBƏTİ QIŞ SEMESTR İMTAHANLARI ELEKTRON QAYDADA KEÇİRİLİR

15.01.2015

 

Naxçıvan Dövlət Universitetində 2012-ci ildən elektron imtahanın müvəffəqiyyətlə keçirilməsi, semestr imtahanlarında tətbiq olunan bu yenilik dünya ali təhsil sisteminə  inteqrasiya, tədrisdə müasir texnologiyaların tətbiqi baxımından zəruridir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib. Qeyd olunub ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbənin öz biliklərini operativ şəkildə sərgiləməsi, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. Həmçinin imtahan zallarında veb kameralar quraşdırılıb. Elektron təhsil şöbəsinin əməkdaşları  imtahanlarda yaranan texniki problemləri yerindəcə həll edir.

Qeyd edək ki, tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə appelyasiya komissiyası yaradılır. Gələcəkdə imtahan fənlərini daha dolğun əhatə etmək məqsədilə sualların artırılması və təkmilləşdirilməsi  nəzərdə tutulub.

Vurğulayaq ki, qış semestr imtahanları ərzində universitetin I, II və III kurslardan olan  3027 nəfər tələbəsi  elektron test üsulu ilə 927 imtahan verəcək.