Sayt xəritəsi

XƏBƏRLƏR

FARS DİLİ VƏ ƏDƏBİYYATINI URMİYA UNİVERSİTETİNİN PROFESSORU TƏDRİS EDƏCƏK

15.01.2015

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ildə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadəti  qəbul edərkən elm, təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsi,  fars dili və ədəbiyyatının tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müəllim və tələbə mübadiləsi, ixtisaslı mütəxəssislərin muxtar respublikaya dəvət olunması məsələləri müzakirə olunub. Əldə olunan razılaşmaya əsasən İran İslam Respublikasının Urmiya Universitetinin professoru, filologiya elmləri doktoru Əlirza Müzəffəri növbəti semestrdən Naxçıvan Dövlət Universitetində fars dili və ədəbiyyatını tədris edəcək. Tanışlıq məqsədi daşıyan görüş zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respubikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, universitetin strukturu, beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd olunub ki, dünyanın bir çox ölkəsi ilə beynəlxalq əlaqəyə malik olan Naxçıvan Dövlət Universiteti İran İslam Respublikasının Təbriz Dövlət Universiteti, Azad İslam Universiteti, Tehran  və Zəncan universitetləri, digər ali məktəbləri ilə də əməkdaşlığa malikdir. Universitetdə 12 ölkənin 350 vətəndaşı ali təhsil alır ki, onlardan 16 nəfəri İran İslam Respublikasını təmsil edir.

Dünyaya inteqrasiya yolunu tutan ali məktəbdə beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi üçün müəllim və tələbə mübadiləsinə xüsusi diqqət yetirilir. Erasmus Mundus  (HUMERİA), “Mövlana” proqramları, MUMEENA layihəsi xətti ilə bu sahədə əhəmiyyətli uğurlar əldə olunub.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Qurban Qurbanlı fakültədə Avropa, eləcə də Şərq dillərinin tədrisi, Şərq dilləri və ədəbiyyatı kafedrasının fəaliyyəti, ərəb və fars dilləri üzrə tərcüməci mütəxəssislərin hazırlanması barədə məlumat verib. Dekan bildirib ki, hazırda Tərcümə (fars-Azərbaycan dilləri) ixtisası üzrə II və IV kurslarda 28 nəfər ali təhsil alır.                

Professor Əlirza Müzəffəri fars dilinin qrammatikasının spesifik xüsusiyyətlərinin, elmi və bədii tərcümə məsələrinin mükəmməl tədrisi üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.

Sonra Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi ilə tanışlıq olub, tələbələrlə görüş keçirilib. Növbəti semestrdən universitetdə fars dili və ədəbiyyatını tədris edəcək Əlirza Müzəffərinin dərs yükü və tədris proqramı müəyyənləşdirilib.