Sayt xəritəsi

XƏBƏRLƏR

QƏHRƏMANLIQ TARİXİMİZİN 20 YANVAR SƏHİFƏSİ

16.01.2015

 

“Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı”: - bu fikirləri Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib. Rektor bildirib ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlib, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olunub.

Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli “20 Yanvar faciəsinin tarixi və ibrət dərsləri”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbəsi, prezident təqaüdçüsü Ramazan Abdullayev  “20 Yanvar hadisələri beynəlxalq hüquq prizmasında” mövzularında məruzələr ediblər. Məruzələrdə qeyd olunub ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.Vurğulanıb ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz beynəlxalq müstəvidə hələ də bəşəriyyət əleyhinə cinayət kimi yetərincə qiymətləndirilmir. Bu faciəni Azərbaycan tarixinə milli əsarətə, qətliaama qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Tədbirdə qısametrajlı film nümayiş etdirilib.