Sayt xəritəsi

XƏBƏRLƏR

ÇEMPİON TƏLƏBƏ 2015-Cİ İLDƏ BAKIDA KEÇİRİLƏCƏK BİRİNCİ AVROPA OYUNLARINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK

21.01.2015

 

Naxçıvan Dövlət Universitetində bu yaxınlarda boks üzrə böyüklər arasında keçirilən Azərbaycan Respublikası çempionatının qalibi və universiteti təmsil edən digər iştirakçıları ilə görüş keçirilib. Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, muxtar respublikada idmanın ən müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər regionda idmanın daha geniş vüsət alması ilə nəticələnib. “Azərbaycan ali məktəblərinin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə 2014-cü ilin nəticələrinə görə  ölkə üzrə birinci yer qazanan Naxçıvan Dövlət Universiteti idman sahəsində də bir çox tarixi uğurlar əldə edib. Rektor, tələbə boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə idmançı tələblərə stimul verəcək,  onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacaq.

Universitetin müəllimi, boks üzrə idman ustası, çempion Tayfur Əliyevin məşqçisi Valeh Əlixanov çempionat haqqında məlumat verərək bildirib ki, ilk dəfə böyüklər arasında yarışda iştirak edən tələbə Tayfur Əliyev (56 kq) haqlı olaraq sonradan Azərbaycan çempionatının tapıntısı kimi qiymətləndirilir. 17 yaşlı boksçu 4 döyüşü tam üstünlüklə başa vurub, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib. Tələbə boksçu finalda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş “Qızıl əlcək” mükafatının da qalibi olub. Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb. İnanırıq ki, burda da Vətənimizi, təhsil aldığı universiteti layiqincə təmsil edəcək. Çempionatda iştirak edən digər boksçu tələbələr – Sənan Quliyev, Yunis Allahverdiyev, Arif Bayramov, Zəfər Ağamalıyev də çempionatın 4/1 finalında uğurla iştirak ediblər.

Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri  Məmmədəli Rəhimov universitetin idman uğurlarına nəzar salaraq xatırladıb ki, futbol, qızlardan ibarər badminton komandaları müxtəliv vaxtlarda Azərbaycan çempionu olub, tələbə idmançılarımız beynəlxalq yarışlarda, hətta dünya universiadasında uğurlu nəticələr göstərib. Universitetin atletika, şahmat, voleybol, cüdo, sərbəst güləş komandaları Naxçıvan Muxtar Respublika birinciliyində müvəffəqiyyətlə çıxışlar edərək muxtar respublika çempionu olub.

Boks üzrə Azərbaycan Respublikasının çempionu, Tayfur Əliyev qələbə sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə şəraitində, güclü rəqiblərlə keçirildiyini qeyd edib, universitet rəhbərliyinə, məşqçilərinə minnətdarlıq edib.

Sonda rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çempion Tayfur Əliyevi və onun məşqçisi Valeh Əlixanovu pul mükafatı və hədiyyələrlə təltif edib, çempionatın iştirakçısı olan digər tələbələrə hədiyyələr  təqdim olunub.