Sayt xəritəsi

XƏBƏRLƏR

HEYDƏR ƏLİYEV VƏ MÜASİR GƏNCLİK

29.01.2015

 

Naxçıvan Dövlət Universitetində 2 Fevral Gənclər gününə həsr olunmuş “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurlu davamından, dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli dövlət qayğısından danışıb. Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açaraq, gəncləri bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, müstəqil dövlətimizin inkişafı istiqamətindəki gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda Universitet Gənclər Təşkilatının sədri Arzu Abdullayev “Heydər Əliyev və müasir gənclik”, Tələbə YAP Gənclər Birliyinin sədr müavini, magisrt Elgün Tağıyev “Gənclik Yeni Azərbaycan Partiyası sıralarında”, Tələbə Elmi Cəmiyyətinin sədri, Sosial idarəetmə və hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayev “Universitet gəncliyi və elmi mühit”, Tələbə İdman Şurasının sədri, Pedaqoji fakültənin III kurs tələbəsi Nicat Allahverdiyev “Universitet idmanı inkişaf yolunda” mövzusunda məruzələr ediblər. Məruzələrdə vurğulanıb ki, müstəqil Azərbaycanın gənclər siyasətinin qurucusu Ümummilli lider Heydər Əliyev tərəfndən 1997-ci ildə 2 Fevral Gənclər gününün elan edilməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu əlamətdar gün hər il ölkədə mütəşəkkil şəkildə qeyd olunur. Müasir gənclik dövlət qayğısından və etimadından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Azərbaycan gəncliyi kimi, universitet tələbələri də ölkədə aparılan siyasi, sosial-iqtisadi islahatlarda, təhsil quruculuğu sahəsində aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Məruzələrdə vətənini, xalqını, sevən, dünyagörüşlü, intellektual potensiala, qətiyyətli siyasi əqidəyə, milli-mənəvi dəyərlərə malik gənclərin yetişməsində Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və digər gənclər təşkilatlarının məqsədyönlü fəaliyyətinə toxunulub. Qeyd olunub ki, tələbə gənclər bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyərək, təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa davam edəcək.

Sonda 2 Fevral Gənclər gününə həsr olunmuş slayd nümayiş olunub.