Sayt xəritəsi

XƏBƏRLƏR

NDU-DA BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD OLUNUB

22.02.2015

 

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Ana dili Gününə həsr olunmuş konfrans keçirilib.

Konfrans ümummilli lider Heydər Əliyevin Ana dili haqqında dəyərli fikirlərini əks etdirən tarixi kadrlarla başlayıb. Çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Rektor qeyd edib ki,  bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə, dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyevanın “Beynəlxalq Ana dili gününün təsisi”, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Elbəyi Maqsudovun “Ana dili müstəqillik illərində” mövzularında məruzələri dinlənilib. Məruzələrdə  vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Vurğulanıb ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb.

Professor Elbəyi Maqsudovun Ana dilinə həsr olunmuş Azərbaycan dilinin qrammatikasını əhatə edən “Mübtəda ilə zərfliyin dialoqu” adlı şeiri, həmçinin Ana dilinə həsr olunmuş şeirlər tələbələrin ifasında bədii qiraət olunub.