Sayt xəritəsi

XƏBƏRLƏR

XOCALI SOYQIRIMI QAN YADDAŞIMIZDIR

24.02.2015

 

Naxçıvan Dövlət Universitetində  bəşər tarixində indiyədək misli görünməmiş müdhiş faciə, insanlığa ləkə, qanlı qətliam olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Növbəti tədbir Universitetin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə olub. İlk öncə Azərbaycanın milli müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Xocalı faciəsi haqqında geniş məruzə edib. Qeyd olunub ki, Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir. Rektor vurğulayıb ki, 1994-cü il fevralın 24-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edib və beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Azərbaycan tarixi kafedrasının dosenti Xəzər Hüseynovun “Xocalı soyqırımı beynəlxalq cinayət kimi”, Universitet Gənclər Təşkilatının sədri Arzu Abdullayevin “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzularında məruzələri dinlənilib. Məruzələrdə faciənin başvermə səbəbləri və o zamankı ictimai-siyasi proseslər barədə şərh verilib. Xocalı soyqırımının heç bir beynəlxalq siyasi-hüquqi qanuna sığmadığını, demokratik dünya dövlətlərinin bu genosidə ədalətli qiymət vermələrinin vaxtı çatdığı bildirilib. Qeyd olunub ki, gələcək nəsillər bu faciələri unutmamalı, vətənpərvərlik və milli həmrəylik nümayiş etdirməlidirlər.

Sonra tələbələrin ifasında Xocalıya aid şeirlər bədii qiraət olunub, fakültənin foyesində Xocalı soyqırımı həqiqətlərini əks etdirən sərgiyə baxış keçirilib.