Sayt xəritəsi

XƏBƏRLƏR

AZƏRBAYCAN ALİ MƏKTƏBLƏRİ İÇƏRİSİNDƏ ƏN İRİHƏCMLİ LAYİHƏ

25.02.2015

 

Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk- İn İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşlar. Mərkəzin direktoru Xaliq Babayev məlumat verərək bildirmişdir ki, mərkəz kamera-müşahidə, server, texniki təminat, direktor  və mühəndis otaqlarından ibarətdir. Mərkəzdə 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilmiş, internet təhlükəsizliyini təmin etmək üçün "Firewall" güvənlik sistemi quraşdırılmışdır. Universitetin bütün binaları arasındakı şəbəkə fiber optik kabellə birləşdirilmiş, 108 hektarlıq kampusda “Wi-Fi” simsiz internet şəbəkəsi quraşdırılmış, tədris korpuslarının internet xətləri yenilənərək 14 server otağı qurulmuşdur. Yeni quraşdırılan, "cisco" markalı 202 İP telefondan ibarət  vahid telefon şəbəkəsi universitetin bütün qurumları arasında sürətli və asanlaşdırılmış kommunikasiyanın təmin olunmasına imkan yaradır. Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılmış, tələbələr üçün 14 min ədəd ID tələbə bileti, müəllimlər üçün 2000 ədəd ID kart hazırlanmışdır. 9 ədəd yeni kompmpyuter internet şəbəkəsinin və universitet saytının idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Kamera müşahidə otağında kamera-nəzarət sisteminə birləşdirilən “Samsung” markalı 47 ədəd İP kamera universitetdə təhlükəsizliyi təmin etməyə, elektron imtahanların gedişini müşahidə etməyə xidmət edir. Server otağındakı 8 ədəd “HP” markalı server universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və müəllimlərin elektron imzaları, elektron imtahanların, distant təhsilin və müəllimlərin mühazirə kontentləri video və slayd şəklində yerləşdirilmiş, bütün məlumatların elektron arxivlənməsi üçün 20 illik arxiv serveri nəzərdə tutlmuşdur. Bütün əməliyyatlar portal sistemininə İD və şifrələrlə daxil olaraq aparılır. 30 KVA gücündə APC smart UPS və yanğından mühavizə sistemi quraşdırılmışdır. Təhlükəsizlik məqsədilə qapılara kartla giriş sistemi və kameralar quraşdırılmışdır. 


Sonra layihənin digər tərkib hissəsi - rəqəmsal multimedia infrastrukturu ilə tanışlıq olmuşdur. Media mərkəzində universitet televiziyasının baş mühəndisi Aqşin Məhərrəmov məlumat verərək bildirmişdir ki, “Universitet” televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcəkdir. Bu məqsədlə “Universitet” televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti, 6 səsgücləndirici, 1 montaj kompüteri, 2 videokamera və 12 projektor verilmiş, virtual studiya quraşdırılmışdır. Yeni qurulmuş istem idarəetmə, server otağından və və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. İdarəetmə otağında Kontentlər- video dərslər xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılır, universitetin internet portalındakı müəllim üçün ayrılmış elektron mühazirə bölməsinə yerləşdirilir. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımına başlanılmışdır. Ali Məclisin Sədri və qonaqlar 5 km raidusunu əhatə edən universitet televiziyasının yayımını, koreyalı mütəxəssilərlə birgə hazırlanana kontent nümunəsini izləmişlər.

Ali Məclisin Sədri Media mərkəzinin tərkibində fəaliyyət göstərən,  universitetin jurnalistika ixtisası üçün fundamental praktiki baza rolunu oynayan Mətbuat şöbəsinin və “Nuhcıxan” radiosunun fəaliyyəti ilə  maraqlanmış, gənc jurnalist kadrların ixtisaslı mütəxəssis kimi yetişdirilməsi üçün dəyərli tövsiyələr vermişdir.

Ali Məclisin Sədri elektron mühazirə və imtahan otaqlarına baxmışdır. Qeyd olunmuşdur ki, layihəyə uyğun olaraq 350 kompüter alınmış, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompüterlə təmin edilmiş 12 imtahan otağı yaradılmışdır.  Həmçinin elektron kitabxanada yeni internet mərkəzi istifadəyə verilmişdir. Fakültələrdə elektron cədvəllərin və məlumatların nümayişi üçün 30 monitor qoyulmuş, senat otağında Policam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılmışdır. Bütün bunlar da videokonfransların təşkilinə, tədris, imtahan və qiymətləndirmə proseslə- rinin daha şəffaf və çevik formada aparılmasına imkan verəcəkdir.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxmışlar. Sərgidə universitetin müəllim və tələbələrinin müxtəlif janrlarda çəkdikləri 30 rəsm əsəri nümayiş olunmuşdur. Tədbir konservatoriya binasının akt zalında davam etdirilmişdir.                           

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə universitet kollektivini təbrik etmiş, yeni təhsil infrastrukturunun qurulmasının təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür etmişdir. Ali Məclisin Sədri cəmiyyətin inkişafında elmin, təhsilin müstəsna rolundan danşaraq demişdir: 

“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində yüksək bilikli və ixtisaslı gənc kadrların hazırlanmasını diqqətdə saxlamaqla Azərbaycanın inkişafını təmin etmişdir. Bu gün ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Azərbaycanda milli tərəqqinin, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır”.

Ali Məclisin Sədri Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə göstərilən diqqətdən, fəaliyyət istiqamətinə görə möhkəm milli əsaslara malik olan Naxçıvan Dövlət Universitetinin muxtar respublikadakı kadr hazırlığındakı rolundan, son illərdə bu ali məktəbdə təlimin müvəffəqiyyət və keyfiyyət göstəricilərinə görə Azərbaycanın ali məktəbləri arasında layiqli yer tutmasından, beynəlxalq əlaqələrin inkişafı, dünyaya inteqrasiya istiqamətində qazandığı uğurlardan danışmışdır. Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması münasibətilə universitetin kollektivinə təşəkkür edərək demişdir ki, əldə olunan nailiyyətlər Naxçıvan Dövlət Universitetinə dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə faydalı əməkdaşlıq əlaqələri qurmaq imkanı yaratmışdır.    

Ali Məclisin Sədri demişdir: “2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanmış və layihənin icrasına başlanılmışdır. Bu layihə miqyasına görə Koreyanın xarici ölkələrdə həyata ke- çirdiyi ən böyük layihələrdəndir. Yaradılan yeni sistem Naxçıvan Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”. Ali Məclisin Sədri bütün bunlara görə Cənubi Koreya Respublikasının hökumətinə minnətdarlığını bildirmiş, layihənin uğurlu icrasına görə Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür etmiş, universitetin professor-müəllim heyətinin və tələbə kollektivinin layihənin imkanlarından səmərəli istifadə edəcəklərinə əminliyini ifadə etmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxışında universitetin son 20 ildə böyük inkişaf yolu keçdiyini, müasirtipli və çoxprofilli ali təhsil mərkəzinə çevrildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki,  58 ixtisas üzrə 5349 tələbə təhsil aldığı bu ali məktəbin müəllimlərindən 9-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 28-i elmlər doktoru, 177-si fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetində tədrisin yeni texnologiyalar əsasında yenidən qurulması da diqqət mərkəzində saxlanılmış, elektron kitabxana, universitet ərazisini əhatə edən simsiz internet şəbəkəsi istifadəyə verilmişdir. Rektor Naxçıvan Dövlət Universiteti ilə Koreyanın Busan Kyumqsunq, Dequ və Kim Çonq universitetləri arasında çoxillik səmərəli əməkdaşlıqdan danışaraq qeyd etmişdir ki, hazırda universitetdə 10 koreyalı tələbə təhsil alır. Rektor, Beynəlxalq münasibətlər fakültəsində “koreyaşünaslıq” fənninin tədris olunmasından, bir neçə ildir ki, uğurla fəaliyyət göstərən Koreya dili hazırlıq mərkəzində hazırda 50-dən artıq tələbənin Koreya dilini öyrənməsindən bəhs etmişdir.  AMEA-nın müxbir üzvü. rektor Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində yaradılan elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturuna görə universitetin professor-müəllim heyəti və tələbə kollektivi adından minnətdarlıq etmişdir.           

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn çıxış edərək layihənin Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin gələcək inkişafı istiqamətində mühüm bir mərhələ olduğunu bildirmişdir. 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik 24 aylıq bu layihə olub idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsinə xidmət edəcək. Bu layihə Azərbaycanda insan resurslarının inkişafına, Naxçıvan Dövlət Universitetinin xarici ölkələrin, o cümlədən Koreya Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrinin daha da genişlənməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir. Səfir layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Cənubi Koreyanın Dongwon şirkətinin direktoru Hong Yong Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafındakı rolundan bəhs etmiş, əməkdaşlığın uğurlu davamına inamını bildirmişdir.

Tədbir iştirakçıları elektron təhsil şəbəkəsinin yaradılmasından bəhs edən filmə baxmışlar. KOICA Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi xanım Kim Eun Suk və müvafiq dövlət qurumlarının rəsmiləri, təhsil və informasiya texnologiyaları üzrə mütəxəssislər iştirak etdiyi tədbir Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələrinin konsert proqramı ilə yekunlaşmışdır.