Sayt xəritəsi

XƏBƏRLƏR

KOREYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ AGENTLİYİ (KOICA) İLƏ BİRGƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏ UĞURLA YEKUNLAŞIB

25.02.2015

 

Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, bildirib ki, Azərbaycan təhsilinin sоn qırx ildən artıq bir dövrdəki inkişafı, yüksəlişi görkəmli dövlət xadimi,  ümummilli lider Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Ölkəmizdə elmə, təhsilə yüksək dövlət qayğısı olduğunu nəzərə çatdıran rektor qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin böyük qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası böyük sürətlə inkişaf etdirilərək son illərdə əsaslı şəkildə yenidən qurulub. Universitet göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir. Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Naxçıvan Dövlət Universitetində tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən, “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi də Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla bu sahədə atılan mühüm addımdır. Vurğulanıb ki, 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması”na dair Qrant Sazişi imzalanaraq layihənin icrasına başlanılıb. Tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra Naxçıvan Dövlət Universitetinin Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı bilikləri möhkəmləndirmək məqsədilə, koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetində olub, həmçinin universitet rəhbərliyi və işçi qrupu da öz növbəsində Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezamiyyətə göndərilib. Universitet tərəfindən bu işə cəlb olunan mütəxəssislər təlimlərdə iştirak edərək məlumatlandırılıblar. Saleh Məhərrəmov qeyd edib ki, 2013-2015-ci illəri əhatə edən layihənin həyata keçirilməsinə KOİCA tərəfindən  3 500 000 ABŞ dolları  həcmində vəsait ayrılıb və sözügedən layihə uğurla yekunlaşıb.

KOİCA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-suk bildirib ki, layihədə nəzərdə tutulan bütün avadanlıqlar alınaraq universitetə gətirilib. Xanım Kim Eun-sukun sözlərinə görə, bundan sonra sistemdə baş verən hər hansı bir nasazlığı aradan qaldırmağı Koreyanın Dongwon şirkəti iki il müddətinə öz öhdəliyinə götürür. Yaradılan yeni sistemin Naxçıvan Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirən xanım Kim Eun-suk, sözügüdən layihəni miqyasına görə Koreyanın xarici ölkələrdə həyata keçirdiyi ən böyük layihələrdən olduğunu nəzərə çatdırıb. KOİCA-nın Azərbaycandakı rezident nümayəndəsi koreyalı və yerli mütəxəxssislərin birgə fəaliyyəti nəticəsində layihənin müvəffəqiyyətlə yekunlaşdığını bildirib.

Cənubi Koreyanın Dongwon şirkətinin direktoru Hong Yong Hye çıxışında, birgə səylər nəticəsində uğurla həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafında mühüm rola malik olduğunu vurğulayıb.

Tədbirdə müxtəlif suallar cavablandırılıb.

Sonda qonaqlara və universitet əməkdaşlarına xatirə hədiyyələri təqdim olunub.