Sayt xəritəsi

XƏBƏRLƏR

XOCALI FACİSƏSİ - YADDAŞLARDAN SİLİNMƏYƏCƏK MÜDHİŞ SOYQIRIM

25.02.2015

 

Naxçıvan Dövlət Universitetində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin yekunu olaraq Xocalı faciəsinə həsr olunmuş internet aksiya və konfrans keçirilib. Tələbə Gənclər Təşkilatının rəhbərliyi ilə həyata keçirilən aksiyada rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək XX yüzilliyin ən müdhiş faciəsi, , Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımın tələbə gənclər tərəfindən elektron informasiya mübadiləsi, virtual əməkdaşlıq yolu ilə dünyada təbliğini yüksək qiymətləndirib.       
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri, ATGTİ sədr müavini, doktorant Arzu Abdullayev internet aksiyanın məqsəd və vəzifələri barədə məlumat verdikdən sonra aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndərdilər. Növbəti internet aksiya zamanı 100-dən çox ölkənin 300-yə yaxın elektron poçt ünvanına Azərbaycan həqiqətləri 6 dildə çatdırılıb. İnternet aksiyada universitetdə təhsil alan xarici ölkə vətəndaşları da fəal iştirak edib.            

Yekun konfransda əvvəlcə Xocalı faciəsinin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək Xocalı faciəsini XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə müqayisə edib. Rektor bildirib ki, erməni vandalizmini və onların havadarlarını ifşa etmək, Xocalı qətliamı ilə bağlı həqiqətləri dünyaya çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Qeyd olunub ki, ulu öndər  Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində əhəmiyyətli işlər görür.        

Konfransda Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, dosent Məmməd Əliyev “Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir”, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Xocalı soyqırımı beynəlxalq hüquq prizmasında”, Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Əfsanə Hüseynzadə “Xocalı soyqırımı – tariximizin ibrət dərsi” mövzusunda məruzələr ediblər. Məruzələrdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etməsi, 613 xocalılının qətlə yetirilməsi,1275 nəfərin əsir, 150 nəfərin isə itkin düşməsi ilə bağlı faktlardan danışılıb. Qeyd olunub ki, Meksika, Pakistan və bır sıra dövlətlər tərəfindən Xosalı faciəsi soyqırım kimi tanınıb, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası bu soyqırımın dünyada təbliği istiqamətində əhəmiyyətli işlər görüb. Təəssüf ki, bu qətliama hələ də düzgün siyasi qiymət verilməyib, cinayətkarlar cəzalandırılmayıblar. Azərbaycan xalqı 1948- ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün hüquqi əsasa malikdir. Bu soyqırım aktı heç bir zaman unudulmayacaq.    Konfransda Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib, Tələbə Teatr Studiyasının hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.