Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ BİRGƏ KONFRANS

01.03.2015

 

 Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə "Əhalinin fövqəladə hallara hazırlanmasında ali təhsil müəssisələrinin rolu" mövzusunda konfrans keçirilib.

Universitetin tərbiyə işləri üzrə prorektoru,professor Məmməd Rzayev çıxış edərək universitetdə mülki müdafiə və fövqəladə hallara hazırlığın  tədrisi vəziyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov “Ali təhsil müəssisələrində mülki-müdafiə işinin təşkili müasir tələblərə cavab verməlidir” mövzusu ətrafında məruzə edib. Polkovnik Emin Qasımov Muxtar Respublika Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil olunan təlimlərin, məşğələlərin rolundan danışaraq, fövqəladə hallar zamanı ali təhsil müəssisələrində müəllim-tələbə heyətinin mühafizəsi üzrə tədbirlərin təşkili və keçirilməsi qaydaları haqqında məlumat verib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi polkovnik-leytenant Baba Babayev "Əhalinin və ərazilərin radiasiya təhlükəsizliyinin təmin edilməsi", Mülki-müdafiə işinin işinin təşkili şöbəsinin mülki-müdafiə kursunun elmi-metodiki işlər üzrə baş müəllimi Şərif Əsədov “Ali təhsil müəssisələrində mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması üzrə tədbirlərin planlaşdırılması və keçirilməsi üçün tövsiyə olunan sənədlər” mövzularında çıxışları dinlənilib. Vurğulanıb ki, gənc nəslin mülki mühafizəyə hazırlanmasında ali məktəblərin rolu olduqca böyükdür. Həyat fəaliyyətinin təhülkəsizliyi üzrə proqramın  qəbul edilməsi  fövqəladə hallar zamanı dövlətin həyata keçirdiyi təhsil siyasətini əks etdirməklə yanaşı, tələbələrin həm özünün, həm də ətrafdakıların həyat fəaliyyətinin  təhlükəsizliyinin qorunması məqsədilə şüurlu və məsuliyyətli münasibət tərbiyə etməlidir. Bu baxımdan ali məktəblərdə tələbələrin həyat və fəaliyyətinin təhlükəsizliyinin əsasları üzrə biliklərə yiyələnməsi vacibdir. Hər bir tələbə bilməlidir ki, qəza və fəlakətlərin aradan qaldırılması  təkcə müvafiq qurumların birbaşa vəzifəsi deyil, həmçinin onların fövqəladə hallarda düzgün davranışından və qabaqlayıcı tədbirlər görülməsindən çox şey asılıdır.