Sayt xəritəsi

XƏBƏRLƏR

FRANSA ALİ MƏKTƏBLƏRİ İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

02.03.2015

 

Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində “Kampus Frans” Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan günü” tədbirləri keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi nümayəndələri, 10-a yaxın aparıcı universitet rəhbərləri ilə birgə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov da tədbirlərdə iştirak edib. Səfərdən qayıdan rektor, professor Saleh Məhərrəmovla görüş zamanı bildirdi ki, tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirmək olub.           

Rektor məlumat verdi ki, tədbirin açılış mərasimində iştirak edən “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən “Azərbaycan günü”nün əhəmiyyətini vurğulayıb. İkitərəfli təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirən agentlik rəhbəri bu mühüm tədbirin iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iki dövlət arasında ən yüksək səviyyədə əməkdaşlığın mövcudluğundan və əlaqələrin son illər nəzərəçarpacaq dərəcədə genişlənməsindən bəhs ediblər. Strasburq Universitetinin prezidenti Alen Beretz ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanlarından danışıb və  bildirib ki, tədbirin davamı olaraq bu ilin mart ayında Fransa təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.                                    

Rektor onu da bildirdi ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda ümumi və ali təhsilin strategiyaları və xüsusiyyətləri barədə məruzə edib. Nazir müavini iki ölkə arasında tarixi münasibətlərin son illər genişləndiyini vurğulayıb, Heydər Əliyevin Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, bu siyasətin hazırda ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir müavini son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, ali təhsil sahəsində ən mühüm təşəbbüslərdən olan SABAH qruplarının yaradılmasından bəhs edib. F.Qurbanov eyni zamanda azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində, o cümlədən Fransanın ali məktəblərində də uğurla təhsil aldıqlarını qeyd edib.                                   

Rektor, AMEA-nın  müxbir üzvü Saleh Məhərrəmov söhbət əsnasında bildirdi ki, nümayəndə heyətimiz Fransa universitetləri nümayəndələrinin iki ölkənin təhsil sahəsində əməkdaşlığına dair çoxsaylı suallarını cavablandırıb. Fransanın Azərbaycandakı mədəniyyət və və əməkdaşlıq ataşesi Vincent Lorenzini Fransa Səfirliyinin tələbə mobilliyinə yaratdığı imkanlar barədə məlumat verdikdən sonra “Kampus Frans” Agentliyinin və Fransa ali təhsil müəssisələrinin rəhbər şəxsləri Fransada təhsil imkanları, mövcud əməkdaşlıq layihələri barədə təqdimatlar ediblər. “Azərbaycan günü” tədbirlərinə qatılan Fransa universitetlərinin azərbaycanlı tələbələri təhsil aldıqları ali məktəblər haqqında məlumat veriblər.                                       

Rektor, AMEA-nın  müxbir üzvü Saleh Məhərrəmov dedi: “Tədbirdə Naxçıvan Dövlət Universiteti, burada tələbələrin təhsili, mütəxəssis hazırlığı, mövcüd ixtisaslar, tədris prosesindəki son yeniliklər, müxtəlif beynəlxalq layihələrdə təmsil olunmağımız ilə bağlı faktlar Fransadakı ali təhsil müəssisələri rəhbərlərinin maraq dairəsində idi. Tələbə mobilliyi və ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə keçirilən universitetlərarası fərdi görüşlərdə İSAE SUPAERO (özündə bir sıra universitet, məktəb və treyninq kurslarını cəmləşdirən qurum), Loren, Strasburq, EPİTA, Roun universitetləri də daxil olmaqla Fransanın 10 ali məktəbi tələbə mobilliyi ilə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət etdilər. Fransanın ali məktəbləri ilə davamlı əməkdaşlığa, naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında təhsillərini orada davam etdirmələrinə biz də maraqlıyıq. Tədbir çərçivəsində Pyer və Mari Küri Universitetində də olduq. Görüş zamanı nümayəndə heyətimizə universitetin professor-müəllim heyəti, tələbə kontingenti, 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparılması barədə məlumat verildi. Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunda aparılan elmi araşdırmalar, robot texnikası ilə tanışlıq zamanı bildirdilər ki, burada yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbat var. Yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlər universitetlə əməkdaşlıq edirlər. Əminəm ki, Fransada keçirilən “Azərbaycan günü” tədbirləri universitetlərarası tərəfdaşlığın inkişafında, Azərbaycan ali təhsil müəssisələrinin Avropaya inteqrasiyasında əhəmiyyətli rol oynayacaq. ”