Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ YIĞINCAQ KEÇİRİLİB

04.03.2015

 

Fevral ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə  bağlı keçirilən müşavirədə önə çəkilən məsələlərlə bağlı Naxçıvan Dövlət Universitetində yığıncaq keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun idmanın inkişafı ilə bağlı mühüm göstərişlər verdiyini nəzərə çatdırıb. Rektor vurğulayıb ki, “biz də öz növbəmizdə üzərimizə düşən bütün işlərin öhdəsindən layiqincə gəlməyə çalışmalı, mövcud çatışmazlıqları aradan qaldırmalıyıq”. Saleh Məhhərəmov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, beləliklə də bu sahədə yüksəlişin əsası qoyulub. Qeyd olunub ki, müasir dövrdə Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda böyüməsinə və asudə vaxtlarının səmərəli təşkilinə göstərilən diqqət və qayğının təzahürüdür ki, Azərbaycan idmançıları beynəlxalq çempionat və olimpiadalarda parlaq qələbələr qazanırlar. İdman sahəsində ixtisaslı mütəxəssis hazırlığı da daim diqqət mərkəzində saxlanılır. Rektor, universitetdə  Fiziki tərbiyə  və çağırışaqədərki hazırlıq müəllimliyi, Bədən tərbiyəsi və idman ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlandığını bildirib. Saleh  Məhərrəmov rəhbərlik etdiyi universitetdə digər sahələrdə olduğu kimi gənclərin fiziki tərbiyəsinə də  xüsusi əhəmiyyət verildiyini, universitetdə tələbələrin fiziki tərbiyəsinin yüksək səviyyədə təşkili üçün dövlətimiz tərəfindən yaxşı maddi-texniki baza yaradıldığını, lazım olan avadanlıqlar və ləvazimatlarla təchiz edildiyini vurğulayıb. rektor, son yarışlarda qələbə qazanan 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanan çempion tələbə Tayfur Əliyevi,  Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin kişilər arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika birinciliyində NDU komandasının I yerə layiq görülməsi, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının illik yekun iclasında NDU komandasının “ilin ən yaxşı komandası” adını alması münasibətilə komandanın üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, bu nəticə idmançı tələbələrə stimul verəcək,  onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacaq.

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov,  Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının müdiri Məmmədəli Rəhimov, idman ixtisası üzrə dərs deyən müəllimlərdən Valeh Əlixanov, Əvəz Tağıyev, Nazim Əliyev, Kifayət Hüseynova, Tələbə İdman Şurasının sədri Nicat Allahverdiyev və digər çıxış edənlər universitetdə voleybol, basketbol, şahmat, sərbəst güləş, atletika, paintball, dağadırmanma, velosiped və digər idman növlərinin inkişafı ilə bağlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.

Öz tapşırıq və tövsiyələrini bildirən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yığıncağa yekun vurub.