Sayt xəritəsi

XƏBƏRLƏR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN QADINI

05.03.2015

 

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin  “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda növbəti 191-ci məşğələsi keçirilib.

Məşğələni giriş sözü ilə açan, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırdığını vurğulayıb. Ulu öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və bugün də davam etdirilir. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu beynəlxalq miqyasda təmsil etməyi bacaran, milli və ictimai mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan qadınların idarəetmədə iştirakını daha da genişləndirib. Qadınlarımız onlara göstərilən etimadı doğruldaraq çalışdıqları sahələrdə nümunə göstərərək, uğurlar qazanırlar deyən rektor, elmdə, əməkdə, fəaliyyət göstərdikləri bütün sahələrdə qadınlara fəxri adların verilməsi, milli-mədəni irsimizin təbliği, bu əsaslar üzərində müasir mədəniyyətimizin inkişafına nail olunmasını Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən biri olduğunu nəzərə çatdırıb.

Məşğələdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda məruzə ilə çıxış edən, Kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini ulu öndərin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olduğunu nəzərə çatdırıb. Vurğulanıb ki, türk dünyasının böyük oğlu Heydər Əliyevin yeritdiyi gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I qurultayı idi. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoydular. Məruzəçi qeyd edib ki, ulu öndər tərəfindən imzalanan Fərman və Sərəncamlar, o cümlədən “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin gücləndirilməsi haqqında” və digər rəsmi sənədlərdə qadınların hüquqlarının müdafiəsi təmin olunub. Məruzəçi, ulu öndərin siyasi kursu bugündə uğurla davam və inkişaf etdirildiyini məşğələ iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Fərmanı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür. Qeyd olunub ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Mehriban Xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir və cəmiyyətimiz bu cür qadınlarla fəxr edir!