Sayt xəritəsi

XƏBƏRLƏR

TURİZMİN İNKİŞAFI İLƏ BAĞLI BEYNƏLXALQ LAYİHƏ

10.03.2015

 

Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsinin rəhbərləri Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olublar. Layihənin meneceri, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini xanım Gila Altmann, layihənin rəhbər komitəsinin üzvü, birinci işçi qrupunun rəhbəri, Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Knut Scherhag universitet kampusunu gəzərək tədris prosesi, maddi-texniki baza ilə tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara universitetdə müasir texnologiyalardan istifadə barədə məlumat verib. Qeyd olunub ki, universitetin bütün binaları arasındakı şəbəkə fiber optik kabellə birləşdirilib, 108 hektarlıq kampusda “Wi-Fi” simsiz internet şəbəkəsi quraşdırılıb. Virtual əməkdaşlığın genişləndirilməsi, beynəlxalq videokonfransların təşkili üçün senat otağında Policam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılıb. Tədris, imtahan və qiymətləndirmə proseslərinin daha şəffaf və operativ keçirilməsi məqsədilə fakültələrdə monitorlar qoyulub. İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elktron mühafizə sitemi, elektron test imtahanlarının gedişinin kameralar vasitəsilə müşahidə olunması almaniyalı qonaqlarda maraq doğurub. Media mərkəzində isə bildirilib ki, “Universitet” televiziyası və “Nuhçıxan” radiosu Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanır, video və slayd şəklində mühazirə kontentləri də burada hazırlanır.

Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması baxımdan Avropa təhsil prosesini özündə əks etdirən Tempus proqramı xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universiteti Tempus proqramı çərçivəsində 5 layihənin iştirakçısıdır. Sonra 2012-ci ildən təməli qoyulan “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, 30 universitetin təmsil olunduğu, İrlandiya, Latviya kimi Avropa ölkələrinin də tərəfdaşı olduğu layihənin əsas məqsədi davamlı turizmin idarə olunması üzrə kurikulumların müasirləşdirilməsi və davamlılıq prinsipləri haqqında birgə anlayışı inkişaf etdirməkdir. Layihənin Naxçıvan üzrə koordinatoru, universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov bu istiqamətdə bir sıra işlər görüldüyünü bildirib. Müzakirə zamanı layihənin müddətinin bir il daha uzadılması, layihə çərçivəsində universitetdə Turizm Mərkəzinin yaradılması, onlayn treninqlərin keçirilməsi və eləcə də xarici mütəxəssislərin treyninq keçməyə dəvət edilməsi, layihə bitdikdən sonra da universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı məslələrdən bəhs olunub. Xanım Gila Altmann universitetdən zəngin təssüratlarla ayrılacağını söyləyib. Bildirilib ki, cox zəngin və qədim tarixə malik Naxçıvanda turizm növlərinin inkişafı üçün geniş potensial, əlverişli şərait vardır. Adı çəkilən layihə də məhz buna xidmət edəcək.