Sayt xəritəsi

XƏBƏRLƏR

DİLÇİ ALİM, PEDAQOQ-ŞAİR ELBƏYİ MAQSUDOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB

12.03.2015

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, universitetin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudovun anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilib.

Yubilyar çoxillik elmi-pedaqoji fəaliyyətinə və anadan olmasının 60 illiyi ilə əlaqədar universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov çıxışında, professor Elbəyi Maqsudovun illərdir ki, müəllim adını şərəflə daşıdığını, gözəl, yenilikçi insan və əməkdaş kimi dilçi alimin, universitet həyatında “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin tədrisi üzrə yorulmaz, fədakar fəaliyyətindən danışıb. Vurğulanıb ki, professor Elbəyi Maqsudov XX əsr Azərbaycan pedaqoji fikrinin inkişafında böyük xidmətləri olan görkəmli alim, professor Əziz Əfəndizadənin layiqli davamçılarından biridir.

Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı Elbəyi Maqsudovun elmi-pedaqoji fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli Elbəyi Maqsudovun bədii yaradıcılığının səciyyəvi xüsusiyyətləri haqqında danışıblar. Qeyd olunub ki, bütün pedaqoji fəaliyyəti boyu qabaqcıl iş təcrübəsi ilə fərqlənən, dil tədrisi jurnallarında, bülleten və qəzetlərdə çıxışlar edən, Elbəyi müəllim 1994-2004-cü illərdə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının katibi vəzifəsində çalışıb, NDU-nun Elmi Şurasının 17 yanvar 2008-ci il tarixli qərarı ilə “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiridir, 2007-ci ildəki elmi nailiyyətlərinə görə “İlin alimi” fəxri adına layiq görülüb. Alim, Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq poetik-praktik qrammatika yaradıb, dilin bütün bölmələrini elmi, bədii və praktik sintezlə poetikləşdirib. Elbəyi müəllimin 150-dən çox elmi məqaləsi, 15  kitabı və 4 proqramının (magistr və bakalavr hazırlığı üçün) nəşr edildiyi, 10-dan  çox  doktorant və dissertanta elmi rəhbərlik etdiyi vurğulanıb.

AMEA-nın müxbir üzvü Adil Bağırov, Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi, Naxçıvan MR Ali Məclisinin deputatı Asim Yadigar çıxışlarında  Elbəyi Maqsudovun  2002-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,  2007-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltlif edildiyini bildiriblər.  Qeyd olunub ki, müntəzəm olaraq  öz üzərində çalışan Elbəyi Maqsudov Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı  maraqlı tədqiqatların müəllifi olduğu kimi, həmdə gözəl şairdir.  “Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri”, “XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər”, “Təmsillər”, “Poetik türkəçarələr”, “Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri”, “Poetik-praktik Azərbaycan dili” kitablarının, “Cümlələrin söhbəti” adlı qrammatik poemanın, “Durğu işarələri” adlı birpərdəli  mənzum pyesin  və s. elmi-metodiki, bədii əsərlərin müəllifi olduğu bildirilib.

Yubliyarın tələbəsi, I kurs magistr Gülxanım Orucova Elbəyi müəllimin universitetdə dərs dediyi tələbələri ilə səmimi münasibətindən, müəllim adını şərəflə daşıyaraq tələbələrə tədris etdiyi fənninin öyrədilməsində dilçi alimin mühüm rolundan bəhs edib.

Sonra tələbələr Elbəyi Maqsudovun şeirlərini bədii qiraət ediblər.

Yubilyar ürək sözlərini mərasim iştirakçıları ilə bölüşərək, göstərilən qayğıya görə minnətdarlığını bildirib.