Sayt xəritəsi

XƏBƏRLƏR

FRANKOFONİYA ƏSL BAYRAM OVQATI İLƏ QEYD OLUNUB

17.03.2015

 

Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramı qeyd olunub. Tədbir Azərbaycanın və Fransanın dövlət himnlərinin ifası ilə başlayıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək fransız dilinin dünyada qəbul olunan əsas beynəlxalq dillərdən biri olduğunu, xarici dillərin, o cümlədən fransız dilinin öyrənilməsinin dünyaya inteqrasiya, ölkələrarası siyasi, elmi, mədəni əlaqələrinin gələcək inkişafı baxımından zəruri olduğunu vurğulayıb. Rektor bu istiqamətdə universitetdə görülən işləri yüksək dəyərləndirərək bildirib ki, bu yaxınlarda Fransanın ali dövlət mükafatı - Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edilən Azərbaycan təhsilinin dörd nümayəndəsindən biri Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının müdiri, dosent Əli Allahverdiyevdir. Əli müəllim Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə, Azərbaycan-Fransa ədəbi əlaqələri ilə bağlı apardığı elmi tədqiqatlara görə Fransanın Baş nazirinin təsdiqi ilə bu yüksək mükafata layiq görülüb. Rektor bu yaxınlarda Fransanın paytaxtı Paris şəhərində “Kampus Frans” Agentliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan günü” tədbirlərindən, Fransadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışaraq qeyd edib ki, bütün bunlar iki ölkə arasında əməkdaşlığın, xüsusilə elm, təhsil sahəsində tərəfdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.    

Fransız dili müəllimliyi ixtisasının III kurs tələbəsi Gözəl Hümbətova Frankofoniyanın tarixi haqqında məlumat verərək bildirib ki, cox qədim tarixə malik, fransız dilində danışanların bayramı olan Frankofoniya hər il dünyanın 50-dən cox ölkəsində keçirilir. Bu, fransız dilinə, mədəniyyətinə dünya xalqlarının yüksək ehtiramının əlamətidir.  Naxçıvan Dövlət Universitetində Frankofoniya bayramının qeyd olunması 1998-ci ildən etibarən ənənə halını alıb. Bu işdə universitetin Roman – german dilləri kafedrasının müəllimlərinin danılmaz əməyi var. Müxtəlif illərdə Fransanın Azərbaycandakı fövqalədə və səlahiyyəti səfirinin, səfirliyin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə fransız dilində şeir və mahnılar səsləndərilib, Fransa mədəniyyəti ilə tanışlıq olub. Fransız dili müəllimliyi ixtisası tələblərinin iştirakı ilə “Dədə Qorqud” və “Koroğlu” dastanlarından, dahi Azərbaycan şairi M.Füzulinin “Leyli və Məcnun” poemasından, M.F.Axundovun “Hekayəti müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadüküni məşhur”, H.Cavidin “Şeyda” dramlarından parçalar fransız dilində səhnəlişdirilib.

Tədbirdə Fransız dili müəllimliyi ixtisasında təhsil alan tələbələrdən Nuray Cəlilova, Elvin Gülməmmədov, Sona İbrahimli, Orxan Qurbanov və digərlərinin ifasında fransız dilində şeir və mahnılar səsləndirilib. Tələbə mobilliyi əsasında universitetdə fransız dilini tədris edən Jeremie Chevalierin tələblərlə birgə ifa etdiyi musiqi nömrələri, dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasından fransız dilində təqdim olunan səhnələr alqışlarla qarşılanıb. Tələbələrdən Sərxan Rüstəmov, Elçin Bəhramlı, Nuray Cəlilova, Fətəlixan Hüseynli və digərlərinin fransız dilində sərbəst və səlist diksiyaları, aktyorluq məharətləri tamaşaçı rəğbəti doğurub.