Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TÜRKİYƏNİN GİRESUN UNİVERSİTETİ İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNİR.

17.03.2015


Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov,  Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və  universitetin bir qrup nümayəndə heyəti 14 Mart Tibb bayramı günü ilə əlaqədar Türkiyənin Giresun Universitetində səfərdə olublar. Türkiyənin Giresun Universitetinin rektoru, professor, doktor Aygün Attar Naxçıvandan gəlmiş heyəti qəbul edərək universitetlə tanış edib.

Görüş zamanı Giresun Universitetinin rektoru, professor Aygün Attar və NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iki universitet arasında akademik və elmi iş birliyi haqqında müqavilə imzalayıblar. Bu müqavilənin məqsədi, iki universitet arasında akademik/elm sahəsində əməkdaşlıq etmək və ortaq bir təhsil sahəsi yaratmaqdan ibarətdir. Müqaviləyə əsasən iki universitet arasında təhsil sahəsində əməkdaşlığın inkişafında müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, müştərək elmi tədqiqat layihələri, ortaq konfrans, seminar və tədbirlərin keçirilməsi  də xüsusi yer tutur.

Sonra Ömər Həkim Tibb Fakültəsi Uygulama ve Araştırma Xəstəxanasının açılış mərasimi keçirilib. Giresun Valisi Hasan Karahan, Giresun Universitetinin professor və müəllim heyəti, Muxtar Respublikasından Giresuna dəvət almış qonaqlar, həmçinin ictimaiyyət nümayəndələrinin də qatıldığı  mərasimdə, açılışı bildirən lent kəsildikdən sonra yeni Xəstəxana ilə tanışlıq olub. Xəstəxana binasının ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edildiyi vurğulanıb.Qonaqlara məlumat verilib ki, xəstəxanada - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərir. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, burun-boğaz-qulaq kabineti, fizioterapiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait vardır.

Qonaqlar “14 Mart Tibb bayramı günü” münasibətilə, həmçinin Giresun Univeristetində keçirilən “birinci kurs tələbələri üçün  ağ xalat geyinmə” mərasiminə də qatılıblar.

Mərasimdə çıxış edən, Giresun Universitetin rektoru, professor, doktor Aygün Attar qonaqları salamlayaraq Tibb bayramının önəmini qeyd edib və Giresun Universitetinin beynəlxalq əlaqələrindən danışıb.

Naxçıvan Muxtar Respublikasında  səhiyyənin inkişafından bəhs edən videoçarxın nümayişindən sonra, çıxış edən Naxçıvan MR Səhiyyə naziri, Azərbaycan Respublikasının Əməkdar həkimi Niyazi Novruzov cəmiyyətin  sağlam  gələcəyinin savadlı həkimlərdən asılı   olduğunu  bildirib. Son illər Azərbaycanda müasir dövrün tələblərinə cavab verən səhiyyə sisteminin yaradılmasını ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xidmət etdiyini bildirən nazir Niyazi Novruzov, ölkəmizdə səhiyyə sahəsinə yüksək dövlət qayğısı göstərildiyini nəzərə çatdırıb. Natiq, keçirilən tədbirin də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Ağ xalat geyinən birinci kurs tələbələrini təbrik edib.

“Çoxəsrlik tarixə malik olan ən qədim Azərbaycan torpağı Naxçıvan” haqqında filmin nümayişindən sonra, mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEAnın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, mərasim iştirakçılarına rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer alan universitetlərindən biridir. Rektor, ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs edib. Qeyd olunub ki,universitet bir çox beynəlxalq layihələrdə uğurla təmsil olunur. Boloniya prosesinə uyğun olaraq 2012-ci ildən etiba-rən Naxçıvan Dövlət Univer¬si¬tetində Eras¬mus-Mun¬dus və Mövlana proq¬¬¬ram¬ları əsasında da bey¬nəl¬xalq tələ¬bə mübadiləsi layihələri hə¬ya¬¬ta keçiri¬l¬mək¬¬¬də¬dir. Tələbə mübadiləsinin və mobilliyinin artırılması nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini müxtəlif ölkələrdə, o cümlədən Türkiyə universitetlərində davam etdirirlər. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan tələbələr Naxçıvan Dövlət Universitetində təhsil alırlar. Vurğulanıb ki, tədrisin təşkilində beynəlxalq təcrübənin öyrənilməsinə ciddi əhəmiyyət verilən Naxçıvan Dövlət Universitetində Tibb və Baytarlıq fakültələrinin müəllimləri və tələbələri hər il, dost və qardaş ölkənin universitetlərində təcrübə keçirlər. Türkiyənin 40-a yaxın ali məktəbləri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirən rektor Saleh Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında  böyük zəmin yaratdığını deyib.  Rektor Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin  Azərbaycanın səhiyyə sahəsini peşəkar kadrlarla təmin etdiyini, universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını bildirib. Təhsil müddətində tələbələr yuxarı kurslarda praktiki vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin İzmit Kocaeli, Kayseri Erciyes, Ərzurum Atatürk, Elazığ Fırat, Van Yüzüncü Yıl, Ankara Universitetlərinin Tibb fakültələrinin klinik xəstəxanalarında peşə təcrübələri keçdiklərini vurğulayan rektor, Tibb bayramı münsibətilə tibb işçilərini təbrik edərək, Giresun Universitetinə xatirə hədiyyələrini təqdim edib.

Tibb Bayramının sonunda Giresun Universitetində səfərdə olan Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri  möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəyovun, Q.Qarayevin, T.Quliyevin, F.Əmirovun, R.Mirişlinin, R.Hacıyevin ölməz bəstələri, Qara dəniz bölgəsinin mahnıları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov  və Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın birbirindən gözəl mahnıları, həmçinin universitetin Xalq çalğı alətləri kafedrasının müəllimi Sərxan Abdullayevin rəhbərlik etdiyi “Buta” instrumental ansamblının müşayiəti ilə solo oxuma ixtisası üzrə təhsil alan tələbələrdən Bəsti Qasımova, Bəhruz Quliyev, Məhərrəm Quliyev tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını ifa ediblər. Sonda incəsənət ustalarının Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə” mahnısını səsləndirmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Giresun Universitetinin rektoru, professor, doktor Aygün Attar Tibb bayramına qatılmış qonaqlara öz təşəkkürünü bildirib və möhtəşəm konsert proqramına  görə NDU-nun İncəsənət fakültəsini təbrik edib.

Sonda universitetdə təhsil alan Azərbaycanlı tələbələrlə də görüş keçirilib.