Sayt xəritəsi

XƏBƏRLƏR

NOVRUZ GƏLİR YAZ GƏLİR, NƏĞMƏ GƏLİR SAZ GƏLİR

18.03.2015

 

Naxçıvan  Dövlət  Universitetində  yazın gəlişini simvolizə  edən qədim xalq bayramı - Novruz  qeyd edilib. Əvvəlcə bayram tonqalı yandırılıb. Universitetin çoxsaylı müəllim və tələbələri bayram tonqalı ətrafında dövrə vurub, yallı gediblər.

Tədbir bayram konserti ilə davam edib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək, Elimizin gözəl bayramı olan Novruz münasibətilə kollektivi təbrik edib. Qeyd olunub ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin  bütün  bölgələrində  böyük  təntənə  ilə  qeyd  olunur. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən rektor bildirib ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Vurğulanıb ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq  Novruz  Günü" elan edilib. Qeyd olunub ki, çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz  bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Naxçıvan Muxtar Respublikasında bu milli bayram xüsusi təntənə ilə, milli tətbiqi sənəti və xalq yaradıcılığını inkişaf etdirməklə paralel qeyd olunmaqdadır.

Bayram konsertində Novruz adət-ənənələri, "Kosa-kosa" oyunu, yumurta döyüşü, müxtəlif musiqi nömrələri, universitetin koreyalı, gürcü, türk tələbələrinin də qoşulduğu yallılar, həmçinin Fransa səfirliyinin xətti ilə universitetdə fransız dilini tədris edən Jeremi Şevalyenin fransız dilində ifa etdiyi musiqi tamaşaçılara əsl bayram əhval ruhiyyəsi bəxş edib.